
Yeni dünya düzənində İran İslam Respublikası olmayacaq
(“Rusiya və İranın məğlubiyyəti” silsiləsindən ikinci yazı)
İran Rusiya və Çinlə yanaşı çox az sayda dövlətdən biri idi ki, ABŞ uzun müddət onunla hərbi toqquşmadan yayınmağa çalışıb. Ən azı 600 ABŞ əsgərinin ölmündə günahkar hesab edilən Qasım Süleymanini toxunulmaz edən də Vaşinqtonun İranla hərbi qarşıdurmadan yayınmaq istəyi idi. Son 30 ildə Süleymaninin məhv edilməsi dəfələrlə təklif edilsə də, Ağ Ev rəhbərləri bunun İranla müharibəyə səbəb ola biləcəyindən ehtiyyat edərək “Həyalət general”ın öldürülməsi əmrini verməkdən çəkiniblər. Tramp birinci prezidentliyinin sonuncu ilində Süleymanin öldürülməsini əmr edəndə Böyük Britaniya və İsrailin İranın qəzəbindən ehtiyyat edərək ABŞ-la birgə hərəkət etməkdən yayındığı haqqında bu günə kimi təkzib edilməmiş iddialar var. Belə iddialardan birinə görə Süleymanin öldürlməsindən sonra İsrail bu əməliyyatda iştirak etmədiklərini Tehranı unandırmaq üçün nüfuzlu vasitəçidən istifadə edib.
Bütün bunları göz önünə gətirəndə İsrailin İranı 12 gün ardıcıl bombalaması, Qasım Süleymanin “xələfləri”ni dəstə-dəstə öldürməsi İkinci Dünya Müharibəsindən sonra ən mühüm hərbi əməliyyatdır. Bu mənada 12 günlük hərbi əməliyyatın siyasi əhəmiyyəti hərbi əhəmiyyəti ilə müqayisə olunmaycaq dərəcədə mühümdür. Bu əməliyyat onu göstərir ki, artıq İran toxunulmaz deyil. ABŞ-ın tərəddüd etdiyi bir əməliyyata İsrailin təkbaşına cəsarət etməsi isə onu göstərir ki, İran İslam Respublikası tarix səhnəsini tərk edir.
Bəşər övladı dəyişikliyə qarşı mühafizəkar olduğu üçün alışdığı düzənin dağılmasını istəmir. Bu düzən dağılmağa başlayanda belə, baş verən dəyişiklikləri qəbul etmək istəmir. Sovet İttifaqının dağılmasını diqqətlə müşahidə etmiş şəxslər mənim bu fikirlərimi təsdiq edərlər. Sovet İttifaqının dağılmasından bir neçə il sonra belə kommunistlərin qayıdacağına, SSRİ-ni bərpa edəcəyinə inanan onlarla alim, yüksək vəzifəli məmur tanıyırdım. O zaman onların nə üçün belə düşündüklərini savadsızıqları ilə izah edirdim. Sonralar anladım ki, bu bilgiyə dayanmayan, duyğusal yanaşma imiş. Alışdığı düzənin dağılmasına hazır olmayanlar dəyişikliyin müvəqqəti olduğua inanmağa tapınıbmışlar.
İndi eyni yanaşmanı İrana münasibətdə hiss etmək olur. Bir çoxları, xüsusilə cəmiyyətin dindar kəsmi bu ehtimallı yaxın buraxmaq istəmirlər. Ancaq əminliklə demək olar ki, İran İslam Respublikası dağılmaq mərhələsinə qədəm qoyub və bu prosesi heç nə dayandıra bilməz. Əgər İran cəmiyyəti özündə güc tapıb ağır yara almış rejimi dəsyişməsə, onu kənar müdaxilə ilə devirəcəklər. Hibrid əməliyyat da ola bilər.
İran cəmiyyəti özündə güc tapacaqmı? Buna növbəti yazıda aydınlıq gətirməyə çalışacağam.
Xəqani Cəfərli politoloq