İsmayıllı Rayon Mərkəzi Xəstəxanası və Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə ‘’Mülki müdafiə planı” və ” Yanğın baş verdikdə xidməti heyyətin təxmini hərəkət planı”na uyğun taktiki təlim məşğələsi təşkil olunub. Təlim Xəstəxananın Terapiya şöbəsində şərti yanğın planı ilə baş tutub.

Təlimdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının rəhbər heyyəti, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əməkdaşları, o cümlədən xəstəxananın Mülki Müdafiə üzrə mütəxəssisi Sevil Adıgözəlova, Əməyin Mühafizəsi üzrə baş mühəndis, bölmə müdiri Xəyalə Rəhimli, xəstəxananın tibb və qeyri-tibb işçiləri iştirak edib.

Məqsəd müəssisənin mülki müdafiə hazırlığını yoxlamaq, fövqəladə hadisələr zamanı rəhbər, komandir-rəis heyətinin, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin, könüllü yanğınsöndürmə dəstələrinin və tibb işçilərinin vəzifə funksiyalarını yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsindən ibarətdir.

Təlim zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, həmçinin xəstələrin və işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, şərti qəza yerində kəşfiyyatın təşkili, “xəsarət alanların” qəza zonasından çıxarılması və onlara “ilkin tibbi yardımın göstərilməsi”, baş vermiş şərti yanğının söndürülməsi kimi fəaliyyətlər icra edilib.

Uğurla başa çatan taktiki təlim məşğələsindən sonra əldə edilmiş nəticələr müzakirə olunub, direktor Vidadi Rəhimov tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

İsmayıllı rayon mərkəzi xəstəxanası