
Şimali Koreyanın iyul və ya avqustda Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstək məqsədilə əlavə qoşun göndərəcəyi gözlənilir. “Yonhap” agentliyi yazır ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bu barədə parlamentin kəşfiyyat komitəsi üçün təşkil etdiyi qapalı brifinqdə məlumat verib.
Daha əvvəl isə Rusiya mediası məlumat yaymışdı ki, Pxenyan Rusiyanın Kursk vilayətinə 6 minədək hərbi inşaatçı və minatəmizləyən göndərəcək. Bu, iki ölkə arasında hərbi əməkdaşlığın daha da dərinləşdiyinin mümkün göstəricisi kimi dəyərləndirilir.
NIS həmçinin məlumat verib ki, Şimali Koreya Rusiyaya 10 milyondan çox artilleriya mərmisi, raket və uzaqmənzilli silahlar verərək əvəzində Moskvadan iqtisadi əməkdaşlıq və texniki dəstək alıb.
Keçən il Rusiya və Şimali Koreya arasında qarşılıqlı hərbi yardımla bağlı maddənin yer aldığı tərəfdaşlıq sazişi imzalanıb. Cənubi Koreya və Qərb kəşfiyyatı 2024-cü ilin payızından bəri Rusiyaya 10 mindən çox Şimali Koreya əsgərinin gəldiyini və sonradan Ukrayna qoşunlarına qarşı döyüşlərdə iştirak etdiyini bildirib. Onların xeyli itki verdiyi qeyd olunub.
Azadlıq radiosu