
Böyük alim rejimin arxiv siyasəti ilə bağlı biabırçılıqları ifşa etdi
Böyük tarixçi alim Cəmil Həsənli dunyada və Azərbaycanda arxilərə olan münasibətlə bağlı maraqlı yazı paylaşıb.
Yazını təqdim edirik:
“Bu gün ümumdünya arxivlər günüdür. Bütövlükdə tarix elmi və humanitar tədqiqatlar, bir sıra hallarda dövlətin və millətin müdafiəsi ilı bağlı məsələlər də arxivlərdən keçir. Dünyanın ən zəngin arxivlərində – Britaniya Milli arxivi, Amerika Milli Arxivi, Almaniya və Fransa Xarici işlər nazirliklərin, Rusiya Sosial, Siyasi, Ən Yeni Tarix, Dövlət, Hərbi Tarix və digər arxivlərdə tədqiqat aparmışam.
Müstəqillik əldə edildikdən sonra bir müddət bizim ölkənin müxtəlif arxivləri aşağı-yuxarı normal çalışıblar, onların sənədləri əsasında maraqlı işlər yazılıb. Lakin son illər Azərbaycan Arxivləri sanki Dövlət Təhlükəsizlik Xidmətinin bir şöbəsinə çevrilib.
Dünyanın qabaqcıl arxivləri sənədləri qoruyub saxlamaqla yanaşı, başlıca olaraq tədqiqatçılara xidmət göstərir. Qapalılıq müddəti bitmiş sənədləri dərhal istifadəyə daxil edirlər. Bizim arxivlər isə vaxtı ilə istifadə üçün açıq olan sənədləri də qapalı fondlara keçirirlər, bütün vasitələrlə araşdırmaçılara sənəd vermirlər və verilən sənədlərdən də istifadəyə məhdudiyyətlər qoyurlar.
Məsələ nədədir? Birincisi arxiv xidmətin pullu ediblər. Ölkədə alimlərin, ilk növbədə gənc tədqiqatçıların əmək haqları çox aşağıdır. Belə aşağı əmək haqqı ilə arxivlərdən ödənişli istifadə demək olar ki, mümkünsüzdür. Məsələn, fond siyahılarına baxmaq üçün pul ödənməlidir. Niyə? Bir fotoya görə 7,5 manat ödəniş nəzərdə tutulur. Bir vərəq sənəd əldə etmək 2-3 manata başa gəlir. Tədqiqatçıların bu qiymətlərlə ayaqlaşması mümkünsüzdür. Bunu hansı ağılla ediblər.
İşlədiyim Britaniya, Amerika, Almaniya, Fransa arxivlərindən istifadə pulsuzdur. Fotokamera və telefonla istənilən sənədi çəkə bilərsən və ya hər küncdə qoyulmuş surətçıxarma aparatlarından istifadə edə bilərsən. Bizdə son illər qovluğu (işi) verir və deyir bunun 25 faizindən artığının surətini çıxara bilməzsən. Əgər bu qovluqdakı sənədlər tədqiqatçıya lazımsa, niyə çıxara bilməz? Bunun izahı nədir?
Daha dəhşətlisi Azərbaycan tarixinin, mədəniyyət və ictimai fikrinin araşdırılmasına xüsusi əhəmiyyət daşıyan Sovet dövrünün 70-80-cı illərinin partiya sənədləri – Mərkəzi Komitə Bürosunun, Katibliyinin protokolları, bir çox plenumun stenoqramları, MK qərarları tədqiqatçıların üzünə qapanıb. Bunlar araşdırlmadan həmin dövrün tarixin necə yazmaq olar.
Bundan da dəhşətlisi 70 il ərzində ölkəyə rəhbərlik etmiş, ölkənin idarəçiliyində iştirak etmiş vəzifəli şəxslərin şəxsi işlərinin tədqiqatçılara verilməsinə qadağa qoyulub. Məsələn, Mir Cəfər Bağırovun, İmam Mustafayevin, Vəli Axundovun, Heydər Əliyevin, Teymur Quliyevin, Sadıq Rəhimovun, Məmməd İsgəndərovun, Qurban Xəlilovun, Həsən Seyidovun və digərlərinin şəxsi işləri ilə tanış olmadan dövrün tarixini necə yazmaq olar?
Gülməli bir qərar uydurublar ki, bu şəxsi işlər yalnız onların qohum və varislərinə verilə bilər. Bu qərarı qəbul edənlər anlamırlar ki, partiya, dövlət, hökumət nomenklaturasına daxil olan şəxlər publik şəxslərdir və ona görə onların şəxsi işləri arxivdə qorunur. Onların keçdiyi həyat yolu ölkənin tarixinin bir hissəsidir.
Xarici tədqiqatçılara qoyulan məhdudiyyətlər isə daha böyükdür. İstənilən xarici tədqiqatçıya arxiv orqanları casus kimi yanaşır. Onların sənədləri Prezident Aparatı və təhülükəsizlik orqanlarına göndərilir. 37-də olduğu kimi hərə öz “sayıqlığın” nümayiş etdirilir. Ölkənin xaricdə tanınması üçün xarici tədqiqatçıların arxivlərdə işləməsi, kitab və məqalələr yazması çox zəruridir. Bu şəraitdə onlar necə işləməlidirlər? Adamlar anlamırlar ki, arxiv sənədləri artıq çoxdan kəşfiyyat orqanları üçün öz əhəmiyyətini itirib.
Təhlükəsizlik orqanlarının arxiv idarələrindən isə danışmağa dəyməz. Bu sənədlə tədqiqatçıların üzünə birdəfəlik qapadılıb.
Bütün bu məhdudiyyətlərdən, düşünülməmiş qərar və qadağalardan itirən isə ölkənin tarixidir, mədəniyyətidir, yaxın keçmişdir. Dövlət, hökumət isə bununla bağlı nəinki heç bir iş görmür, əksinə qadağaları stimullaşdırır”.
Azadlıq qəzeti