
Güney Azərbaycana qarşı “türk-kürd ittifaqı” təhlükəsi
Numan Kurtulmuşun “Yavuz Sultan Səlimlə İdris-i Bitlisi ittifaqı” mesajından çıxan nəticələr
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Şah İsmayıla qarşı Osmanlı hökmdarı Yavuz Sultan Səlimlə kürd lider İdris-i Bitlisinin birlikdə hərəkət etməsini “böyük ittifaq” adlandırması prezident Rəcəb Tayyip Ərdoğanın “Çaldıran döyüşü türk, kürd və ərəbin birgə qələbəsidir” bəyanatının təsadüf olmadığının təsdiqidir. Bu iki bəyanatın təsadüf olmadığını, Ankaranın dövlət siyasətinin ifadəsi olduğunu təsdiq edən digər bir məqam uzun illər qanlı terrorçu və 50 min insanın ölmünün baiskarı kimi təqdim olunan Abdullah Öcalanın qəfildən qurucu lider olaraq təsnif edilməsidir.
Rəsmi Ankaranın ritorikasında baş verən bu dəyişiklik Türkiyənin strategiyasında baş vermiş dəyişikliyin göstəriciləridir. PKK-nın “qurucu lider”i Abdullah Öcalanın yeni strategiyası kimi təqdim olunan “Türk-Ərəb-Kürd Federasiyası” ideyası əslində Ərdoğan hakimiyyətinin “Yeni Türkiyə” siayətinin “aşağı”dan gündəmə gətirilməsindən başqa bir şey deyil.
Qeyd etmək istəyirəm ki, bu ideya yeni deyil və AKP-nin iqtidarda möhkəmləndiyi illərdə meydana çıxıb. Belə ki, 2013-cü ildə Türkiyə mətbuatına sızan bilgilərdə Ərdoğan hakimiyyətinin Öcalana bütün kürdləri “Yeni Türkiyə”də birləşdirməyi təklif etdiyi qeyd olunurdu. “Cümhuriyyet” qəzetinin 4 fevral 2013-cü il tarixli sayında Mustafa Sönmezin “Bir Türk-Kürt Federasyonu Rüyası…” başlıqlı məqaləsində qeyd edilirdi ki, “dövlətin zirvəsi”ndən yüksək vəzifəli şəxs Ocalanla görüşərək Şimali İraq kürdlərinin və hətta Suriya kürdlərinin Türkiyə qoşulmasının yaradacağı faydaları müzakirə edib.
Ümumiyyətlə, Türk-kürd Federasiyasının Turqut Özala, hətta ondan əvvəl Türkiyə Cümhuriyyətinin yaranmasının ilk illərinə kimi gedib çıxan izləri var.
Belə görünür ki, rəsmi Ankara həmin strategiyanı indi yenidən gündəmə gətirib və bu dəfə həyata keçirməkdə qərarlıdır. Ərdoğanın “Malazgirt, Çaldıran döyüşlərini, İstanbulun fəthini türk, kürd və ərəbin ümumi zəfəri adlandırması da “Türk-Ərəb-Kürd Federasiyası”nın tarixi və ideoloji əsaslarının yaradılmasına xidmət edir.
“Independent Türkçe”nin Baş redaktoru Nevzat Çiçək hazırkı siyasəti bölgədəki kürdlərin Türkiyəyə yönəltmə mərhələsi olduğu qəanətindədir. Türkiyənin qocaman qələm sahiblərindən Sabahattin Önkibara görə proses Xarici işlər naziri Hakan Fidan və Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın tərəfindən həyata keçirilir. Türkiyənin keçmiş baş naziri, “Yeni Osmanlı” nəzəriyyəsinin ideoloqu olan “Gələcək Partiyası”nın lideri Əhməd Davudoğlunun İraqa səfəri, kürd liderlərlə çoxsaylı görüşlərinin Hakan Fidan və İbrahim Kalının təlimatlarına uyğun reallaşdığı aydın görünür. Hakan Fidan Davudoğlunun kadrlarından hesab olunur. Əhməd Davudoğlu ilə görüşən İrak kürdlərinin liderləri Neçirvan Barzani ve Mesut Barzanin “Devlet Bahçelinin sağlığı için dua edirik” açıqlamaları türk və kürd liderlərin birgə hərəkət etməyə başladığının digər bir təsdiqidir.
Heç şübhəsiz ki, “Türk-Ərəb-Kürd” birliyi strategiyası Türkiyənin öz işidir və buna müdaxilə etmək niyyətindən uzağam. Sadəcə olaraq Numan Kurtulmuşun “Yavuz Sultan Səlimlə İdris-i Bitlisi ittifaqı”nı xüsusi vurğulaması Azərbaycan xalqı üçün həyəcan təbili olmalıdır. Yavuz Sultan Səlimlə İdris-i Bitlisi ittifaqı tarixi məlumatlara görə 200 min türkmənin qətl edilməsinə, Şərqi və Cənub-Şərqi Anadolunun türksüzləşdirilərək kürdləşdirilməsinə səbəb olduğu kimi “Ərdoğan-Öcalan” və yaxud “Bahçeli-Barzani” ittifaqı da Azərbaycan üçün yeni fəlakətlərə səbəb ola bilər. Yeni “Yavuz Sultan Səlimlə İdris-i Bitlisi ittifaqı”nın Güney Azərbaycan üçün çox ciddi təhlükə yaradacağını Ankaranın xətrinə dəyməmək üçün görməzdən gələ bilmərik. Azərbaycan xalqı bilməlidir ki, yeni “Yavuz Sultan Səlimlə İdris-i Bitlisi ittifaqınn ən böyük təhdidləri Azərbaycana qarşı yönələcək.
Sevindirici olan hal isə ondan ibarətdir ki, 500 il əvvəldən fərqli olaraq indi yeni məzhəbçiliyə dayanan “Yavuz Sultan Səlimlə İdris-i Bitlisi ittifaqı”nın doğuracağı təhlükələrin qarşısını almaq üçün çox geniş imkanlar var.
Məzhəbçiliyə dayanan “Türk-Ərəb-Kürd” ittifaqını zərərsizləşdirmək üçün İsrailin təklif etdiyi ABŞ-İsrail-Azərbaycan alyansının qurulmasına nail olmaq, Böyük Britaniya-Ukrayna yüzillik mütəfiqliyinin Böyük Britaniya-Ukrayna-Azərbaycan birliyinə çevrilmək lazımdır.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Bakıya, Azərbaycan müdafiə naziri Zakir Həsənovun İsrailə səfərinin çox yüksək səviyyədə keçməsi də göstərir ki, ABŞ-İsrail-Azərbaycan və Böyük Britaniya-Ukrayna-Azərbaycan regional Alyanslarının yaranması üçün çox münbit şərait var. Zaman Azərbaycanın maraqlarının hər şeydən önə çəkilərək strateji ittifaqların yaradılması zamanıdır.
Xəqani Cəfərli