Tehran ABŞ hücumundan öncə zənginləşdirilmiş uranı nüvə obyektlərindən çıxara bilərdi – ekspertlər

ABŞ-ın İranın nüvə obyektlərinə dağıdıcı hava zərbələrindən sonra Donald Tramp “missiyanın yerinə yetirildiyini” bəyan edib. Onun sözlərinə görə, Fordo, Natanz və İsfahandakı obyektlər 14 Amerika bombası seriyası ilə məhv edilib. ABŞ və İsrail kəşfiyyat xidmətləri rəsmi şəkildə razılaşıblar ki, Tehranın nüvə planları illər geriyə çəkilib.

Bununla belə, əsas sual qalır – İran hakimiyyəti sərəncamında olan və bir neçə nüvə başlığı hazırlamaq üçün istifadə oluna bilən 408 kiloqram zənginləşdirilmiş uranı boşalda bilibmi?

Amerikanın “Gecəyarısı çəkici” adlı əməliyyatının başlamasından iki gün əvvəl Fordo kompleksində 16 yük maşınının peykdən çəkilmiş görüntüləri şübhələri artırıb. Tramp əmin edir ki, “nəqliyyat mümkün deyildi” – və bütün uran obyektlərlə birlikdə məhv edilib.

Lakin bütün ekspertlər bununla razılaşmır. Belə ki, britaniyalı nüvə eksperti doktor Bekki Aleksis-Martin BILD-ə deyib ki, “nəqliyyat texniki cəhətdən mümkündür və hələ naməlum obyektdə əlavə zənginləşdirmə olduqca realdır”. Onun sözlərinə görə, mövcud uranın həcmi “Xirosimanın gücü ilə bir neçə atom bombası” hazırlamaq üçün istifadə oluna bilər.

Kaliforniyadakı Middlebury Beynəlxalq Tədqiqatlar İnstitutundan doktor Yan Stüart da BILD-ə təsdiqləyib ki, zənginləşdirilmiş uranın daşınması mümkündür – üstəlik, ekspertin fikrincə, İranın bütün ehtiyatları bir yük maşınına sığdıra bilər.

Azadlıq qəzeti