Azərabycan cəmiyyətinə isə belə bir mif sırınmağa çalışır ki, müsəlmanların inkişafına imkan verilmir. Bu bir yandan geridə qalmışlığa bəraət qazandırmağa xidmət etdiyi kimi, digər tərəfdən inkişaf üçün təşəbbüsləri də boğur. Gəncləri elm və tərəqqi ardınca getməkdən çəkindirən bu mifi yayanlar Azərbaycana Ermənistanın işğalçılıq siyasətindən yüz dəfələrlə artıq zərbə vururlar. Çünki, zehnlərin işğal edilməsi miqyasına və dağıcılıq funksiyasına görə torpaq işğalından daha təhlükəlidir. Torpağın işğalı milləti ümumi düşmənə qarşı birləşdirdiyi halda, zehnlərin işğalı milləti parçalayır. Zehni işğal edilmiş millət Finlandiya və ya Cənubi Koreya kimi dövlət qura bilməz. Amma qısa zamanda Əfqanistana çevrilə bilər. Bunun nəticəsidir ki, 57 İslam dövlətinin bir tək Cənubi Koreya qədər dünya brendinə çevrilmiş istehsal markası yoxdur.
Bir zamanlar göy cisimlərini izləyən rəsədxanaları “mələklərin baldırları görünəcək” ittihamı ilə qadağan edən zehniyyət bu gün də davam edir. “Təhsilin məqsədi elm vermək deyil, Allah qorxusu yaratmaq olmalıdır”, “Nas ortada dururken sana, bana ne oluyor?”, “Axirətə xidmət etməyən elm, tərəqqi bizə lazım deyil” ifadələri rəsədxanaları qadağan edən zehniyyətin davamıdır.
Hər bir azərbaycanlı aydının ən böyük vəzifəsi bu zehniyyətə qarşı güzəştsiz mübarizə aparmaqdır. Mirzə Fətəlinin açdığı, Mirzə Ələkbər Sabir və Mirzə Cəlilin getdiyi yoldan getməkdən başqa bir yolumuz yoxdur. Millətini sevən, onun gələcəyini düşünən insan rəsədxanaları qadağan zehniyyətin davam etməsinə razı ola bilməz. NASA-nın Ayda Günəşin batmasın əks etdirən görüntülərin yalnız tamaşaçısı olmaq istəməyən millətlərin elm və tərəqqi ardınca getməkdən başqa yollları yoxdur. Bu yol Mirzə Fətəlinin açdığı yoldur. Bizim yolumuzdur.

Xəqani Cəfərli politoloq