İsmayıllı rayonu Quşencə kənd sakini Cəbiyev Həmzə Akif oğlu Simalregion.az saytına başına gələnlərlə bağlı müraciət edib.Şikayətçi 1986-cı il təvəllüdlü orta təhsilli, ailəlidir 3 azyaşlı övladları var.

Şikayətçi bildirir ki, yaşadığı mənzilə qaz sayğacı quraşdırmaq üçün bir il əvvəl Ağsu regional qaz istismarı idarəsinin İsmayıllı xidmət sahəsində çalışan,əslən Quşencə kəndindən olan nəzarətçi Fazil Cəbiyev müraciət edib.Fazil Cəbiyev Həmzə Cəbiyevi podratçı kimi çalışan Rəşad Məmmədov adlı işçi ilə tanış edib və Rəşad bildirib ki, heç bir problemsiz onun mənzilinə sayğac quraşdira bilər.Bu minvalla podratçı Rəşad Məmmədov nəzarətçi Fazil Cəbiyevin vasitəçiliyi ilə Həmzə Cəbiyevdən Dörd yüz on beş manat (415) sayğac üçün,on beş manat (15)manat isə əziyyət haqqı kimi pul alıb və sayğacı sözügedən şəxsin evinə quraşdırıb.Hətta Həmzə Cəbiyev Quşencə kənd icra nümayəndəliyindən podratçı Rəşad Məmmədovun istədiyi arayışı da alaraq ona verib.Bu olay ötən ilin 2024-cü ilin avqust ayında olub.

Şikayətçi bildirir ki, aradan bir ildən çox vaxt keçsə də ona nə sayğacın kodunun açılması barəsində heç bir söz deməyiblər və ona bu bir il ərzində heç bir müqavilə təqdim olunmayıb.Təxminən 1100 kb-dan çox qaz yandırılıb,ancaq şikayətçi dəfələrlə bildiriş tələb edib ki,qaz pulunu ödəsin ona heç bir bildiriş verilməyib.

Bu günlərdə nəzarətçi Fazil Cəbiyev Həmzə Cəbiyevə deyib ki,pulunu qaytarıb sayğacı söküb aparacaqlar,çünki sayğac qanunsuz quraşdırılıb.Həmzə Cəbiyev pulu almayıb və sayğacın söküləcəyinə imkan verməyəcəyini bildirib.Bu gün 2 İyun 2025-ci il tarixində səhər saatlarında evdə heç kimin olmamasından istifadə edərək nəzarətçi Fazil Cəbiyev podratçı Rəşad Məmmədovla əlbir olaraq Həmzə Cəbiyevdən aldıqları 430 manatı geri gətirərək həyətə daxil olub həyətdəki əl arabasına qoyaraq ərazini tərk ediblər.

Günün ikinci yarısında İsmayıllı xidmət sahəsinin 3- nəfər əməkdaşı Həmzə Cəbiyevin evinə gedərək sayğacı sökməyə cəhd ediblər,ancaq plombu qırsalar belə sayğacı açmağa müvəffəq ola bilməyiblər.Bütün baş verənləri şikayətçi video lentə alıb və sonda izləyə bilərsiniz.

Şikayətçi,hesab edirik ki, tamamilə haqlıdır və ondan həm rüşvət alınıb,həm də aldadılıb.İsmayıllı xidmət sahəsindən aldığımız məlumata görə Rəşad Məmmədov oğurluq yolu ilə anbardan 150-yə yaxın sayğacı çıxardaraq ayrı-ayrı şəxslərə ayrı -ayrı məbləğləri almaq yolu ilə satıb və hazırda həmin məsələ xidmət sahəsinin rəhbərliyi tərəfindən ortalığa çıxarılıb və məlumata görə işlə bağlı İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

Dövlətin malını oğurlayıb satıblar.Vətəndaşları aldadıb dövlətə qarşı inamsızlıq yaradıblar.Vətəndaşların pullarını mənimsəyiblər.Ən əsası bu sayğaclar kodlaşdırılmayıb,deməli, sərfiyyat olub, ancaq ödəniş olmayıb.Deməli,dövlətə on minlərlə manat ziyan vurulub.

Məntiq belə deyir ki,bu işdə podratçı Rəşad Məmmədovla nəzarətçi Fazil Cəbiyev əlbir olub.Çünki şikayətçi Həmzə Cəbiyevlə podratçı Rəşad Məmmədovu Fazil Cəbiyev tanış edib.Qalan məsələ isə artıq rayon prokurorluğunda araşdırma nəticəsində meydana çıxacaq.

Redaksiyadan: Mövzu diqqətimizdədir ,araşdırmalar davam edir.Podratçı Rəşad Məmmədovla bağlı xeyli müraciətlər kanalımıza daxil olub və silsilə şəklində onları da ictimaiyyətə təqdim edəcəyik.Faktla bağlı bütün maraqlı tərəflərin, adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.İsmayıllı rayon prokurorluğuna müraciət edərək bu sahədə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.İnanırıq ki,günahkarlar cəzasını alacaq.Sonda Foto və Video linki izləyin,bəyənin və paylaşın.

Simalregion.az araşdırma qrupu