Los Ancelesdə şerif işləyən Fəxri Mirzəquliyev yadınızdadır? Bu gün onu çətin vəziyyətə salanlar barədə danışacam.

2020-ci ilin iyul ayında minlərlə erməninin 30 azərbaycanlının üstünə hücum etməsi zamanı hadisə yerinə gələrək, həmyerlilərimizi oradan çıxarmışdı. Buna görə işində töhmətlər aldı və ermənilərin hədəfinə çevrildi. İş yerinə hər gün yüzlərlə şikayət gəldi.

Həmin zaman Azərbaycan icmasının üzvləri zərərçəkənlər üçün maddi yardım yığmağa başlamışdılar ki, Azərbaycan prezidenti rəsmi qərar verdi: “Los Anceles hadisəsində zərərçəkmiş insanlara hüquqi və tibbi yardım üçün dəstək verilsin”. Qeyd edim ki, könüllülər o zaman 1 günə 15 min dollara yaxın pul toplamışdılar.

Prezidentin qərarına görə toplanan pullar insanlara geri qaytarıldı. Azərbaycan məmurları isə hər zaman olduğu kimi, bu dəfə də öz vəzifələrini yerinə yetirmədilər. Kiməsə kömək edilmədi…

O zaman Los Anceles şəhərində yerləşən Azərbaycan Baş Konsulluğunda (Consulate General of Azerbaijan in Los Angeles) baş konsul vəzifəsində çalışan Nəsimi Ağayev bildirib ki, vəkil çox bahalıdır və kömək edə bilməyəcəyik. Vaşinqton şəhərində yerləşən səfirliyimizdən (Embassy of Azerbaijan, Washington, D.C.) bir vəkil nömrəsi veriblər. O da Fəxriyə əvvəlcədən 30.000$, hər saatına da 750$ xidmət haqqı oxuyub. Vəkil bildirib ki, ümumi prosesə hardasa 300.000$ pul gedəcək. Bu da Azərbaycanın ABŞ-dakı rəsmi nümayəndəliklərinin köməyi…

Hansı ki, o mitinqə azərbaycanlıların çıxmasında dolayısı yol ilə konsulluğun əlaqəsi var idi. Həmin hadisələr baş verəndə, bizim rəsmilər bu hadisələri hündürmərtəbəli ofis pəncərəsindən izlədilər. O zaman deyilənə görə aksiya iştirakçıları üçün hətta avtobus da təşkil etmişdi, amma o avtobus heç cürə gəlib çıxmamışdı. Neçə azərbaycanlı fiziki xəsarət aldı. Biri isə ümumiyyətlə huşunu itirmişdi.

Nəticə o oldu ki, insanlara reklam olundu ki, Los Anceles hadisələrində zərərçəkənlərə kömək edəcəyik. Fəxri karyerasını, o birilər isə sağlamlığını qoydu. Əvəzində isə boş vədlər verildi. 4 il keçib, ortalıqda heç nə yoxdur!..

Düşünürəm ki bu cür davam etsə, Fəxri bir çox həqiqətləri üzə çıxaracaq. O zaman nə ölkəmizə, nə də Azərbaycan hökümətinə xoş olmayan hadisələr baş verəcək. Hökümət rəsmilərinin insanları bu vəziyyətə salıb, sonra isə kömək etməmələri lap fiaskodur.

Sonra ortalığa Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi girdi. Komitənin başçısı Fuad Muradov Azərbaycandan Kaliforniyaya səfər edərək, Fəxri ilə görüşdü. Prezidentə onun məktubunu çatdıra bilməyəcəyini söyləsə də, 3 ay ərzində kömək edəcək deyə söz vermişdi. Amma nə oldu? Əlbəttə ki, heç nə. Üstündən 14 ay keçsə də, ortalıqda bir şey yoxdur. Bu günə kimi Fuad Muradovun azərbaycanlılar üçün hansı müsbət iş gördüyünü görmüsünüz ki, bu mövzuda da nəsə edərdi?

Bu yaxınlarda Türkiyədən 1100 nəfər xüsusi məktub imzalayaraq, Azərbaycan prezidentinə (AR Prezident Apparatına) ünvanlayıblar ki, Fəxrinin məsələsini ölkə başçısı diqqətinə çatdırsınlar. Müxtəlif mənbələrdən gəlib çıxan xəbərlərə görə, Prezident Aparatında işləyən məmurlar bu müraciətləri gizlətməklə məşğuldurlar. Əlbəttə ki, heç kim Fəxrinin problemini prezidentə çatdırmaq istəmir. Çünki heç kimə maraqlı deyil. Adam isə o boyda karyerasını bir gün ərzində qurban vermiş oldu.

Baxın, sonra deyirsiniz ki niyə diasporumuz bu gündədir? Hökümət orqanları belə işlər görüb, boş vədlər verərək, sonra millətçi insanlarımızı belə vəziyyətə salırlar. O insan da bir də Azərbaycan üçün heç nə etmək istəmir!

Qarabağı da aldıq, amma artıq 4 il olacaq ki, Fəxrinin məsələsi həll olmur!