
İsmayıllıda qanunsuz kömür quyuları aşkarlanıb
Ekoloji mühitin qorunması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub
Simalregion.az saytına daxil olan məlumata görə İsmayıllı rayonu Qalınçaq meşəbəyliyində 9-saylı dolayda yaşıllıqlar kütləvi şəkildə qırılaraq sözügedən Qalınçaq kəndi ərazisində vətəndaşlara məxsus şəxsi həyətlərdə kömür əldə etmək məqsədilə basdırılır və bunu sübut edəcək video və fotolar saytımıza göndərilmişdi.
Qeyd olunan fakt dərc olunduqdan dərhal sonra İsmayıllı rayon polis şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6- saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə fəaliyyəti əsasında qeyd olunan Qalınçaq kəndində şəxsi təssərrüfatda yerləşən həyətlərə baxış keçirilmiş, kömür quyuları aşkar olunmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həmiş şəxslərə qarşı inzibati protokol tərtib olunmuşdur.
Əldə etdiyimiz məlumatlara görə qeyd olunan məsələ ilə bağlı İsmayıllı rayon polis şöbəsinin məlumatı olub və bu istiqamətdə vaxtaşırı tədbirlər həyata keçirilib. Sadəcə son bizə daxil olan informasiya bu istiqamətdə tədbirlərin keçirilməsi haqqında daha müfəssəl məlumat əldə etməyimizə kömək etdi.
Şimalregion.az saytı olaraq İsmayıllı rayon polis şöbəsinə və 6- saylı regional ekologiya və təbii sərvətlər idarəsinə operativ və şəffaf fəaliyyəti üçün dərin minnətdarlığımızı bildiririk.