
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-Ukrayna danışıqlarından sonra Rusiyanın 30 günlük müvəqqəti atəşkəs təklifi ilə bağlı cavab vermədiyinə diqqəti cəlb edib.
Zelenski dünyaya səsləndi – “Rusiya niyə susur.
Təəssüf ki, artıq bir gündən çoxdur ki, dünya irəli sürülən təkliflərlə bağlı Rusiya tərəfindən mahiyyətə uyğun cavab eşitmir. Və bu, bir daha təsdiqləyir ki, məhz Rusiya müharibəni davam etdirməyə can atır və sülhün başlanmasını mümkün qədər gecikdirməyə çalışacaq. Ümid edirik ki, ABŞ-nin təzyiqi Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün kifayət edəcək”, – deyə Zelenski vurğulayıb.
Zelenski qeyd edib ki, Ukrayna nümayəndə heyətinin Səudiyyə Ərəbistanında ABŞ nümayəndələri ilə görüşü ilə bağlı hesabatını dinləyib.
O, əlavə edib ki, Ukrayna sülhə doğru sürətlə irəliləməkdə qərarlıdır, etibarlı, uzun və ləyaqətli sülh üçün bütün imkanların yaradılması üçün üzərinə düşəni etməyə hazırdır.
“Bizim təmsilçilərimiz Ukraynanın fundamental mövqeləri ilə bağlı Amerika tərəfini məlumatlandırdılar. Ukrayna səmada və dənizdə sükuta hazır idi, lakin Amerika tərəfi yerdə də sükutu təklif etdi. Ukrayna bu təklifi qəbul edir. Vacib məsələ – nəzarətdir və biz nəzarətin texniki aspektlərini təşkil etməyə hazır olduğuna görə Amerika tərəfinə minnətdarıq”, – deyə Ukrayna prezidenti diqqətə çatdırıb.