
Redaksiyamıza daxil olan məlumata əsasən, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində baş verən növbəti məsuliyyətsizlik halı ciddi narahatlıq doğurur. Hadisə 13 iyul 2025-ci il tarixində, gecə saat 23:00 radələrində yaşanıb.
Vətəndaş bildirir ki, bir yaşlı körpəsini narahatlıq səbəbilə Təcili Tibbi Yardıma çatdırıb. Ancaq tibbi yardım almaq əvəzinə, etinasızlıq və laqeydliklə üzləşib. Növbətçi həkim Gülnar adlı şəxs uşağa baxmaq əvəzinə, tibb bacısına sadəcə “bir su qoş getsin” tapşırığı verir. Tibb bacısı isə “Qoy çayımı içim, sonra baxaram” deyə cavab verir.

Valideyn uşağın vəziyyətinin ciddi olduğunu bildirərək müdaxilə tələb etdikdə isə, cavab olaraq mühafizə çağırılıb və onu bölmədən uzaqlaşdırmaq istəyiblər. Bu zaman körpəyə lazımi tibbi yardım göstərilməyib, nə müayinə, nə də iynə və sistem prosedurları düzgün aparılıb.

Ən acınacaqlısı isə odur ki, bu ilk belə hal deyil. Hadisədən sonra başqa bir valideyn də şöbənin qarşısında narazı şəkildə gileylənib ki, uşağına vurulan iynə düzgün yeridilməyib, nəticədə uşağın qolu şişib. İynənin çıxarılması zamanı isə uşağın qolu qan içində qalıb, heç bir bint, spirt, plaster belə yapışdırılmayıb.
Bu cür məsuliyyətsizliklər insan həyatına birbaşa təhlükədir. Körpələrin və valideynlərin bu cür münasibətlə qarşılaşması sadəcə etik deyil, eyni zamanda hüquqi məsuliyyət tələb edən ciddi pozuntudur.

Mingəçevir şəhər səhiyyə rəhbərliyindən və Səhiyyə Nazirliyindən bu hadisənin araşdırılmasını, məsul şəxslərin cəzalandırılmasını və ümumiyyətlə təcili yardım xidmətində bütünlüklə islahat aparılmasını tələb edirik. Səhiyyə sistemi insan həyatı ilə oynamaq yeri deyil!
Redaksiyadan: Mingəçevir səhiyyəsi bazara təfəkkürlü şəxslərin əlindədir.Araşdırmalarımız davam edir.
Xəbərlər.info