
Azərbaycan Respublikasının Prezidenti,
Zati-aliləri cənab İlham Əliyevə
Müraciət edən:
Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvü,
İxtisasca müəllim,
2 çağırış parlament seçkilərində namizəd,
şair Səxavət Süleymanov (Səxavət Kəlbəcərli) tərəfindən
Zar kəndində tikinti işlərində tibbi təminatın yoxluğu ilə bağlı müraciət
Möhtərəm cənab Prezident,
Sizə Kəlbəcər rayonunun Zar kəndinin doğma sakini və bu kənddə aparılan quruculuq proseslərinə yaxın olan bir vətəndaş kimi dərin narahatlıq hissi ilə müraciət edirəm.
Cənab Prezident, bu gün Sizin rəhbərliyinizlə Kəlbəcər rayonunda, o cümlədən doğulduğum Zar kəndində genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Bu işlərin strateji, sosial və mənəvi əhəmiyyətini anlayır və yüksək qiymətləndirirəm. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, bu işlərin həyata keçirildiyi ərazidə — tikinti sahələrində tibbi xidmət və ilk yardım imkanları tamamilə yox səviyyəsindədir.
Zar kəndində hazırda yüzlərlə işçi ağır şəraitdə çalışır. Lakin nə ərazidə bir həkim var, nə də ən minimal tibbi ləvazimatlar — dərman, sarğı, antiseptik, iynə, ağrıkəsici və ya təcili yardım xidməti. Dəfələrlə işçilərin əli, qolu kəsilib, bəzən qanı dayandırmaq üçün primitiv vasitələrdən istifadə edilib. Bu cür hallarda insanların həyat və sağlamlığı real təhlükə altına düşür.
Tikinti işlərini həyata keçirən “Amozon” şirkəti bu məsələyə ciddi yanaşmır. Şirkətin Goronboydan olan deputat Anar Məmmədova məxsus olduğu bildirilir. O isə Laçın rayonundan olan Əbülfət adlı bir şəxsi bu sahəyə rəhbər təyin edib. Təəssüf ki, adıçəkilən şəxs də nə işçilərin təhlükəsizliyinə, nə də tibbi təminata ciddi önəm vermir. Nəticədə işçilərin həyatı hər an risk altındadır.
Cənab Prezident!
Siz dəfələrlə vətəndaşın sağlamlığını, təhlükəsizliyini və rifahını dövlət siyasətinin mərkəzinə qoyduğunuzu bildirmisiniz. Biz inanırıq ki, bu cür məsuliyyətsiz yanaşma nə dövlətimizin siyasətinə, nə də azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin ruhuna uyğundur. Zar kəndində fəaliyyət göstərən “Amozon” şirkətinə dərhal nəzarət olunmasını, sahədə ilkin tibbi yardım məntəqəsinin qurulmasını, təcili yardım avtomobilinin ayrılmasını və cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını Sizdən xahiş edirəm.
Zar kəndinin doğma sakini və bir vətəndaş kimi haqqım olan bu müraciətə ədalətlə yanaşacağınıza və tezliklə tədbir görüləcəyinə inanıram.
Hörmətlə,
Süleymanov Səxavət (Səxavət Kəlbəcərli)
Zar kənd sakini
Kəlbəcər rayonu
Redaksiyadan:Faktla bağlı bəzi məlumatlar əldə etmişik, araşdırmalar davam edir. Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq