Şəkili dahi aktyorumuz Lütfəli Abdullayev bir gün axşam toydan evə gəlirmiş. Payız, axşam saat 10-filan… Böyük sənətkar yaşadığı binanın blokuna girmək istəyəndə haradansa çıxan bir adam əl atıb onun bahalı papağını başından götürür və qaçmağa başlayır. Demə, Lütfəli müəllimin xanımı və qızı da bu dəm balkona çıxıbmışlar ki, görsünlər, kişi harada qaldı. Bu səhnəni balkondan görürlər. Həm onların, həm də Lütfəli müəllimin özünün eyni vaxtda səslənən “adə, dayan”ı papağı götürüb qaçan adamı necə çaşdırırsa, yazıq qorxuya düşüb qeyri-iradi olaraq dayanır və dönüb geri baxır. Lütfəli müəllimi görən kimi azman sənətkarı tanıyır və yerində mıxlanıb qalır. Sonra yavaş-yavaş Lütfəli müəllimə yaxınlaşıb papağı qaytarır. Cavan bir oğlan imiş. Bu böyük insan da utandığından başını aşağı salmış gəncin qoluna girib onu evə aparır. Xanımının “oğrudur, quldurdur, sənsə…” məzmunlu etirazlarına baxmayaraq süfrə açdırır, adamı yedirib-içirir, cibinə xərclik qoyub yola salır…
Üstündən illər keçir, hadisə unudulur. Lütfəli müəllim vəfat edir. Həyətdə qurulan yas mağarının içində-çölündə gənc bir kişi əldə-ayaqda imiş, çay paylayır, stol-stul daşıyır, canı-dildən işləyirmiş. Qohumlardan, yaxınlardan heç kim onu tanımır. Axırda çağırıb “bala, sən kimsən, kimlərdənsən” deyə soruşurlar. Məlum olur ki, papağı götürüb qaçan oğlandır. Demə, Lütfəli müəllim sonradan həmin gəncə hey əl tutub, onu haradasa yaxşı maaşlı işə düzəldib, ailəsini dolandırmaqda kömək və himayədarlıq edibmiş, o da yaxşılığı itirməyib…

P.S. Bu əhvalatı mənə müqtədir sənətkarın nəvəsi Mina xanım danışıb.
Famil Cəfərli