MƏRKƏZƏ daxil olan məlumata əsasən, bəzi mərkəzi icra hakimiyyəti orqanları Vəkillər Kollegiyasının Büroları vasitəsilə dövlət büdcəsinin vəsaitlərini mənimsəyirlər. Həmin orqanlardan biri də Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir.

Belə ki, Aqrar Kredit və İnkişaf Agentliyini ayrı-ayrı cavabdehlərə qarşı məhkəmə mübahisələri başlaması üçün heç bir məhkəmədə təmsilçilik funksiyasına malik olmayan “AZERLEX Group” MMC ilə tamamilə qanunsuz bir müqavilə bağlamışdır. Həmin müqavilə əsasında “AZERLEX Group” MMC-nin qanuni nümayəndəsi Həsənov Anar Vladimir oğlu Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri ilə müqavilə bağlayaraq, onların hesabına hər bir iş üzrə 500 manat pul köçürmüşdür. Lakin AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hər bir işə görə “AZERLEX Group” MMC-nə ödənilən pul məbləğləri isə qeyri-müəyyəndir.

Göründüyü kimi, Aqrar Kredit və İnkişaf Agentliyi Vəkillər Kollegiyasının 5 saylı vəkil bürosu vasitəsilə “Otkat” sistemindən istifadə edərək dövlət büdcəsinin vəsaitlərinin mənimsənilməsində birbaşa iştirak edir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da Kollegiyanın İntizam Komissiyasının sədr müavini, 5 saylı vəkil bürosunun müdiri Elxan Quliyevin qanunsuz əməllərinə göz yumur. Ona görə ki, vəkillərə qarşı repressiv addımların atılmasında Elxan Quliyevin rolu həlledicidir.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanı kimi Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi çoxsaylı hüquqşünas kontingentinə malikdir. Onlar özləri də büdcə vəsaitlərinə qənaət edərək, məhkəmə proseslərində iştirak edə bilərlər.

Heç bir səlahiyyətə malik olmayan “AZERLEX Group” MMC isə Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Vəkillər Kollegiyası arasında vasitəçilik funksiyasını yerinə yetirməklə büdcə vəsaitlərini mənimsəməklə məşğuldur. Bir daha qeyd edirik ki, Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi vəkil büroları ilə birbaşa müqavilə bağlaya bilərdi.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə görə hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.

Qanunvericiliyin bu norması “AZERLEX Group” MMC-nə başqa şəxslərin hüquqlarını müdafiə etməyi qadağan edir.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində qeyd edilir:

I. Vəkillik fəaliyyəti hüquqi yardım üçün müraciət etmiş şəxslərin hüquqlarının və mənafelərinin müdafiəsinin və ya təmsil edilməsinin vəkilə həvalə edilməsi əsasında və onların tapşırıqlarına müvafiq olaraq həyata keçirilir.

II. Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

III. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir.

Vəkil, bu Qanunun 20-ci maddəsində göstərilən və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi yardımın göstərilməsindən müqavilə bağlanana qədər imtina edə bilər.

Müraciət etmiş şəxs müqavilə şərtləri əsasında vəkilə həvalə edilmiş tapşırığı qabaqcadan xəbərdarlıq etmədən məhdudlaşdıra və ya geri götürə bilər.
Bu Qanunun 20-ci maddəsində göstərilən qaydada müraciət etmiş şəxs təyin olunmuş vəkildən istənilən vaxt imtina edə və özünün seçdiyi digər vəkillə müqavilə bağlaya bilər.

IV. Vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir.

Vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir.

V. Vəkillik fəaliyyətinin həyata keçirilməsi bu fəaliyyət üçün seçilmiş təşkilati-hüquqi forma üzrə qurumun dövlət qeydiyyatından keçməsindən sonra başlanır. Bu qurumun təsisçiləri yalnız vəkillər olmalıdır.

Qanunvericiliyin yuxarıda göstərilən normasına əsasən “AZERLEX Group” MMC-nin üçüncü şəxs adından müqavilə bağlamaq səlahiyyəti yoxdur.

Vəkillər Kollegiyasının bütün bürolarında analoji vəziyyət mövcuddur. Bu və ya bunə bənzər hallarla bağlı MƏRKƏZ olaraq araşdırma aparırıq və nəticəsi barədə ictimaiyyəti, həmçinin müvafiq dövlət orqanlarını da məlumatlandıracayıq.

İƏAM mətbuat xidməti