1929-cu ildə Novruz dövlət bayramlarının siyahısından çıxarılıb. Bundan sonra “Mübariz allahsızlar ittifaqı” deyilən təşkilat bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni yetişdirən, tonqal üstündən atılan kommunist və komsomolçuları cəzalandırırdılar.
Cəza isə əsasən ictimai qınaqdan ibarət olurdu.
Nəhayət 1937-ci ildə, SSRİ Konstitusiyasının qəbulu ilə bütün dini və milli bayramlar qadağan edilib. Amma hətta o ağır repressiya illərində də adamlar Novruzu əziz bayram kimi qeyd etməkdə davam edirdilər.
Bu rəsmi qadağan 20 il qüvvədə olub. Lakin 1953-cü ildə Stalinin ölümündən sonra bütün milli bayramlara “qeyri-rəsmi” icazə verilib. Daha doğrusu həmin vaxtdan bəri adamlar Novruzu ailə çevrəsində keçirə bilərdilər. Novruzun rəsmi keçirilməsi üçün Moskvaya Azərbaycanla yanaşı, Özbəkistan da müraciət etmişdi.
Bayramın keçirilməsi üçün təşəbbüsü Azərbaycan və Özbəkistan Kommunist Partiyaları qaldırmışdılar. Azərbaycan rəsmiləri Bahar qız obrazı ilə rusların Qar qızı (Snequroçka) arasında bir növ parallel yaratmışdılar ki, “ruslar inciməsin”.
Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsində Şıxəli Qurbanovun əvəzsiz rolu var… Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olub. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şıxəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil 1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölmüş, həkim pəncərədən qaçmışdı.

Mürsəl Qurbanov Ehtiyyatda olan polkovnik-leytenant