Tullantı sularının təmizlənməsi sahəsində Qəbələdə mühüm yeniliyə imza atılıb
Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində ilk dəfə olaraq Qəbələ Qida Şəhərciyinin ərazisində yerləşən Qəbələ Konserv Zavodu tullantı sularının təmizləmə qurğusunun modernizasiyası zamanı Hərəkətli Yataq Bio-Reaktor (MBBR) Texnologiyasını uğurla tətbiq edib. Bu innovativ həll mövcud təmizləmə sistemlərinin gücünü artıraraq daha səmərəli, ekoloji təmiz və aşağı istismar xərcləri ilə çalışan, az enerji sərf edən, şirkətin dayanıqlılıq hədəflərinə uyğun sistem qurmağa imkan yaradır. Qəbələ Konserv Zavodunun tullantı sularının təmizlənməsi prosesinin modernizasiyası nəticəsində zavodun mövcud sutəmizləmə gücü günlük 600 m³-dən 2400 m³-ə yüksəldilib. Bununla da “Pepsi”, “Natura”, “Jalə”, “Zolotoy sad”, “I’m tea”, “Mia”, “Chipsim” kimi markalar altında sevilən müxtəlif qida məhsullarının istehsal edildiyi Qəbələ Qida Şəhərciyində həm istehsalın dayanıqlılığı, həm də təbiətin qorunması istiqamətində önəmli addım atılıb. “Novex Group MMC”nin tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu müasir texnologiyalara əsaslanan istehsal prosesi və yüksəkkeyfiyyətli məhsulları ilə seçilir. Zavodda istehsal olunan meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız sərinləşdirici içkilər həm yerli, həm də beynəlxalq bazarlarda geniş tələbat qazanaraq, Azərbaycan qida sənayesində mühüm yer tutur.