
İranın Batı Azərbaycan əyalətində Azərbaycan türklərinin silahlandırıldığı haqqında kürd mənbələri ilə yanaşı Türkiyə televiziyalarının da məlumat yaymaları göstərir ki, bu xəbərin həqiqət olma ehtimalı çoxdur. Bütün mənbələr bunun İranın son 46 illik tarixində ilk dəfə yaşandığını qeyd edirlər. Türkiyə mənbələri bu hadisənin İrakda bəzi kürd qruplarının silahlanmağa cəhd edərək Batı Azərbaycan əyaləti ilə həmsərhəd İrak ərazilərində toplaşması ilə bağlı olduğunu qeyd edirlər. Yenə Türkiyə mənbələrinin məlumatına görə, terror təşkilatı PJAK və digər kürd qrupları İsraillə əlaəqə yaratmağa və dəstək almağa cəhd etsələr də, yəhudi dövləti tərəfindən rədd ediliblər.
Türkiyə mənbələrinin digər bir məlumatına görə, İsrailin 12 günlük əməliyyatı zamanı öldürlən yüksək vəzifəli hərbiçilərin vəzifələrinə təyin olunan generalların demək olar ki, hamısı Azərbaycan əsilli zabitlərdir.
Rəsmi məlumata görə prezident İlham Əliyev ötən gün İran prezidenti Məsud Pezeşkianla telefonla danışıb. İlham Əliyev Məsud Pezeşkianı bir daha iyulun əvvəlində (3-4 iyul) Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə dəvət edib. Bu hadisə Pezeşkianın istefaya göndərilməsi ilə bağlı İran parlamentindəki Tehranın bəzi dairələrinin cəhdinə qarşı rəsmi Bakının Məsud Pezeşkina dəstəyinin nümayişi hesab oluna bilər.
Prezident İlham Əliyev əmin olsun ki, Güney Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində atacağı addımlar İkinci Qarabağ Müharibəsi zamanı olduğu kimi Azərbaycan Respublikasının bütün vətəndaşları tərəfindən birmənalı dəstəklənəcək və təqdirlə qaşılanacaq.
Xəqani Cəfərli politoloq