Ələsgər Məmmədli:”Məhkəmənin hüquqa və qanunlara məhəl qoymaması nə qədər davam edəcək”.

Bu gün Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Ələsgər Məmmədlinin “ev dustaqlığı”na buraxılması ilə bağlı növbəti vəsatətinə baxıldı.
Ələsgər bəy məhkəmə iclasında geniş çıxış edib.

Bundan öncəki bütün məhkəmə iclaslarında istintaq tərəfi iddia edirdi ki, əgər mən azadlıqda olsam istintaqın gedişinə əngəl törədə yaxud sübutları yox edə bilərəm. Artıq istintaq başa çatıb və işlə tanışlıq mərhələsi də yekunlaşıb.

İstintaqın materialları ilə tanış olanda aydın oldu ki, mənim həbsimə əsas olacaq heç bir fakt və sübut yoxdur. Şahid ifadələri də mənim suçsuz olduğumu üzə çıxarır. Lakin təqsirsiz olmağıma baxmayaraq hələ də həbsdə saxlanmağımı məntiqli şəkildə izah edən olmayıb. Qanunlara və hüquqa belə dözülməz münasibət dövlət adına qəbuledilməzdir.

Məhkəmənin qanunlara və hüquqa məhəl qoymaması nə qədər davam edəcək? Hüququ pozan hakim kimi sizdən (Sülhanə Hacıyevadan) Məhkəmə Hüquq Şurasına 35 səhifəlik şikayət yazmışam.

Ələsgər bəy sübutların yox edilməsi ilə bağlı istintaqın bəhanəsinin ortadan qalxdığını bildirib. Habelə, Pentensiar Xidmətin tibb xidmətindən əldə edilən və məhkəməyə təqdim olunan sənədlərdə də açıq yazılıb ki, mənim səhətimdə ciddi problemlər var. Təcili cərrahi əməliyat olunmalıyam. Eyni zamanda mən ictimai statusu olan, ölkədə tanınmış hüquqşünas kimi törətmədiyim əmələ görə niyə bir ildən çoxdur həbsxanada olmalıyam?
Xalqımızın əsrlər boyu formalaşmış mənəvi dəyərləri sırasında xüsusi yer tutan Novruz Bayramı ərəfəsində mənim azadlığa çıxmağımla bağlı müsbət qərar verilməsi cəmiyyətdə rəğbətlə qarşılanar.
Ələsgər bəy hakimlərə xatırladıb ki, Ombusman MM-də çıxış edərək hakimləri tənqid etdi. Alternativ cəzalar təyin etmək mümkün olduğu halda həbs qərarlarının verilməsini yanlış hesab etdi.
İndi həm qanunlar, həm də hüquq sizə imkan verir ki, mənim haqlı vəsatətimi təmin edəsiniz və bu əziz gündə ailəmin yanında olum.

İttiham tərəfi heç bir ciddi arqument gətirmədən vəsatətin təmin edilməməsini istədi. Gözlənildiyi kimi hakim Süllhanə Hacıyeva qərarı qüvvədə saxladı.

Ələsgər bəy İlaxır Çərşənbə günü və Novruz Bayramı münasibətilə doğmalarına, yaxınlarına, dostlarına və xalqımızın dəyərli övladlarına öz təbriklərini göndərib.