Göyçayda nümunəvi addım – Sahibsiz itlər artıq küçələrdə deyil!

Göyçay rayonunda fəaliyyət göstərən it sığınacağı artıq daha da genişlənib və bu gün təxminən 200-ə yaxın sahibsiz itin qayğısına qalır. Ən önəmlisi isə odur ki, şəhər ərazisində başıboş gəzən itlər aidiyyəti qurumlar tərəfindən toplanaraq bu sığınacağa təhvil verilir.

Bu xeyirxah işin təşkilatçısı, heyvansevər Könül Mustafayeva sığınacağın fəaliyyətini böyük fədakarlıqla və sevə-sevə davam etdirir. Sığınacaqda itlərə gündəlik yemək verilir, onlara qulluq olunur, müalicə və nəzarət təmin edilir. İtlər mütəmadi olaraq qısırlaşdırılır, vaksinasiya olunur və birkalanaraq qeydiyyata alınır. Bu isə həm heyvanların sağlamlığı, həm də ətraf mühit və insanlar üçün təhlükəsizliyin təmin edilməsi deməkdir.

Həmçinin qeyd olunmalıdır ki, sözügedən sığınacağın formalaşmasında Göyçay Rayon İcra Hakimiyyətinin də müstəsna rolu olub. Bu əməkdaşlıq həm insanların təhlükəsizliyi, həm də canlılara qarşı humanist münasibətin formalaşması baxımından mühüm addım hesab olunur.

Unutmamalıyıq ki, sahibsiz heyvan problemi yalnız şikayət etməklə yox, düzgün yanaşma və təşkilatlanmış qayğı ilə həll olunur. Küçələrdən toplanaraq təhlükəsiz şəraitə yerləşdirilən bu canlılar artıq aclıq, xəstəlik və zorakılıq riski ilə üz-üzə qalmırlar.

Cəmiyyət olaraq biz dəstək versək:
— küçələr daha təhlükəsiz olar,
— uşaqlar qorxmadan gəzər,
— heyvanlara qarşı mərhəmət hissi formalaşar.

Sonda isə dövlət qurumlarını, dövlət və özəl təşkilatları, rayon sakinlərini, xüsusilə də kafe və restoran sahiblərini bu xeyirxah işə dəstək olmağa çağırırıq. Sığınacağa yemək, dərman, maddi və ya təşkilati kömək göstərmək hər birimizin sosial məsuliyyətidir.

Hesab edirik ki, bu möhtəşəm addım təkcə Göyçayda deyil, ətraf şəhər və rayonlarda, həmçinin ölkəmizin hər bir yerində təşkil olunaraq genişləndirilməlidir. Bu cür təşəbbüslər həm cəmiyyətimizin humanist dəyərlərini gücləndirir, həm də şəhər və rayonlarımızda sağlam və təhlükəsiz mühitin formalaşmasına xidmət edir.

Şübhəsiz ki, mərhəmət bir cəmiyyətin səviyyəsini göstərir. Allah Rəsulu Muhəmməd (Sallallahu aleyhi və səlləm) “Rəhm etməyənə rəhm olunmaz” buyuraraq, bizlərə yer üzərində olan hər bir canlıya qarşı mərhəmətli olmağı tövsiyə etmişdir.