Məhəmməd Əmin Rəsulzadənin böyük oğlu Rəsul bibisi Şəhrəbanu xanımın qızı Kübranı sevirdi. Hamı onların qovuşacağı günü səbirsizliklə gözləyirdi.

Rəsul tez-tez Kübraya: "Bir şair dostum var, gözəl sevgilisi ilə həmişə bir yerdədir; kaş biz də səninlə elə bir ömür yaşaya bilsəydik", — deyirmiş. Rəsulun ən çox sevdiyi şeir "Yenə o bağ olaydı" olduğu üçün Kübra sonralar həmin şairin Mikayıl Müşfiq olduğunu düşünürmüş. Nəticədə Kübra Rəsulun sevdiyi şairinin adını öyrənə bilmədi.. Sovet işğal rejimi 19 yaşında olan Rəsulu həbs edərək güllələdi və beləliklə, Rəsulla Kübra bir-birinə qovuşa bilmədilər. 

Günlərin birində Kübra dərsdən evə qayıdanda Şəhrəbanu xanımın ailəyə məxsus bütün şəkilləri ağlaya-ağlaya cırıb atdığını görür. Şəhrəbanu xanım o dövrdə Məhəmməd Əminin şəkillərini evdə saxlamağa cəsarət etmirdi.Həmin şəkillərin arasında Rəsulun Kübraya yazdığı şeir də var idi. Lakin o şeir itib-batmadı, çünki Kübra onu ürəyinə həkk etmiş, yaddaşına birdəfəlik yazmışdı.

Bir müddət sonra Kübra ailə həyatı qurur və üç övladı dünyaya gəlir. Amma o, ömrünün sonuna qədər qəlbində Rəsulun həsrətini daşıyır.

2014-cü ildə tədqiqatçı Nəcibə Bağırzadə Kübranın övladlarından öyrənir ki, Kübra xanım ölüm ayağında olarkən Rəsulun vaxtilə ona yazdığı şeiri yaxınlarına əzbərdən deyirmiş. Nəcibə xanım, həmçinin Kübradan qalan bir vərəqi də aşkarlayır. Sən demə, Kübra xanım şeiri unutmasın deyə misraların baş hərflərini həmin vərəqə köçürübmüş.

Nəcibə Bağırzadə bu barədə belə yazır:
“Güllələnən təkcə Rəsul olmadı. Kübra da onunla bir yerdə “öldü”…Bu yer üzündə gəzib-dolaşan Kübranın cismi oldu. Rəsulu bu dünyada yaşatmaqçün, xatırlamaqçün qaldı.
77 il ömür sürən bu gözəl xanım, əslində, yalnız Rəsulu sevdi və bütün həyatı boyu Rəsulu yaşatdı. Ölüm ayağında Rəsulun ona yazdığı şeiri əzbərdən deməklə ilk sevgisi kimi, son sözünün də Rəsul olduğunu təsdiqlədi.”

Kübra xanımın dilindən eşidib kağıza köçürdükləri şeiri təqdim edirik:

Cəzb eləyir məni qara gözlərin,
sinənə tökülmüş incə tellərin.
Nə gözəl yaranıb sənin əllərin,
dürlü kəlmələrin, gözəl sözlərin.
Bu yolda ya qismət, ya ölüm lazım,
bu sözü oxuyur daima sazım.
Dayanmış olurkǝn əsdi ruzigar,
Rəsuldan sənə bir qəlbi yadigar…
Bu yolda ya qismət, ya ölüm lazım.