“Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin, “Nar”ın və Badamdar Hotelin dəstəyi ilə “Qaranlıqdan Sonra” adlı xüsusi tədbir keçirilib.
Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva,Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının millət vəkilləri,Ombudsman aparatının səlahiyyətli nümayəndəsi ,Şəhid anaları , Qeyri Hökümət Təşkilatlarının rəhbərləri,Müxtəlif şirkət rəhbərləri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd Birliyin sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində məskunlaşan uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, özünəinam hissinin gücləndirilməsi və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi olub.
Proqram çərçivəsində istifadə olunmuş materiallardan hazırlanmış 21 ədəd əl işi nümayiş etdirilib. Yararsız hesab edilən sap və digər vəsaitlərə ikinci həyat verilməsi ekoloji məsuliyyət prinsipini və uşaqların yaradıcı təfəkkürünü əks etdirib. Davamında reabilitasiya prosesi keçən uşaqlar tərəfindən Azərbaycan filmlərindən seçilmiş fraqmentlər səhnələşdirilib, rəqs kompozisiyaları təqdim olunub.
Bədii hissədə Uşaq Sığınacağının uşaqlar ilə bərabər Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Afaq Bəşirqızı, əməkdar artist Fərqanə Qasımova, eləcə də müğənnilər Samir Bağırov və Elnur Məmmədov musiqi nömrələri ilə çıxış ediblər.
Tədbirin sonunda Arzu xanım Əliyevanın iştirakı ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin “Özgə uşağı olmur” himni səsləndirilib.

































