14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-erməni işğalçı terroristləri ilə ağır döyüşlərdə Azərbaycan Milli Ordusu ağır itki vermişdir.
140 nəfər hərbçi şəhid olmuşdur.
111 nəfər hərbçi itgin düşmüş.
1337 nəfər hərbçini don vurmuşdur.
Dövlətə 1 milyon 495 min ABŞ dolları ziyan dəymişdir.
14 fevral 1994-cü ildə Cəmilli kəndindəki briqada komandanlığının iclasında zabitlərə komandanlığın Kəlbəcər bölgəsini tərk etmə əmri barədə məlumat verildi. Cəmilli kəndi uğrunda döyüşlərdə Feyruz Alışov əsir götürüldü. Ömər aşırımından keçən yolun Ermənistan qoşunlarının nəzarəti altında olması səbəbindən Azərbaycan qoşunları Kəlbəcər bölgəsini ensiz Susuzluq-Təkəqaya-Ağdağ yolu ilə tərk etmək məcburiyyətində qaldı. Bütün ağır texnika isə tərk edildi. Qışda dağlıq ərazilərdə, güclü qar və dəhşətli soyuqda baş verən bu geri çəkilmə zamanı yüzlərlə əsgər donaraq öldü və ya itkin düşdü. Soyuqdan bəzi əsgərlər isinmək üçün pencəklərini yandırdılar, donvurmadan ölənlərin cəsədləri isə götürülmədi. Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev Azərbaycan qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasını belə təsvir edir: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi: “Mən qaldım, sən get!”. (Vəliməmmədov, 2019:159).
Döyüşlərin iştirakçısı, 701 saylı hərbi hissənin tağım komandirinin müavini, o dövrdə 19 yaşında olan baş çavuş Vaqif Abbasov belə xatırlayır: “12 fevralda çox güclü qar yağmağa başladı. Fevralın 13-də Murovdağın yamaclarında şimal mövqelərinə çəkilmək əmri aldıq. 18-20 fevral tarixlərində düşmən iki briqadamızı mühasirəyə ala bildi. Onlara çatmağa çalışdıq, amma qar yağması bizə mane oldu. Bir çox əsgər uçqun altında qalaraq həlak oldu. “
30 yaşlı əslən Kəlbəcərdən olan Təyyar Muxtarovun sözlərinə görə əsgər yoldaşlarının çoxu güllə və mərmilərdən deyil, don nəticəsində həlak olmuşdu. Mühasirəyə alınan qoşunları boşaltmaq üçün vertolyotlar istifadə edildi. 1994-cü ilin qışında Kəlbəcərdə çəkilən videokadrlarda Kəlbəcər bölgəsindən qoşunların təxliyyəsinin hansı şəraitdə həyata keçirildiyi göstərilir. 20 Fevrala qədər Azərbaycan ordusu Murovdağ silsiləsindən geri çəkildi. 10 fevraldan 20 fevrala qədər çox sayıda əsgər uçqun və donvurma nəticəsində həlak olmuşdu.
Allah şəhidlərimizə rəhmət eləsin!
P.S. Qarabağ qazisi, keçmiş Kəlbəcər taborunun komandiri “Murovdağ qış əməliyyatı”nın iştirakçısı polkovnik Balay Nəsibovun verdiyi məlumata əsasən şəhidlərimizin sayı barədə paylaşdığımız məlumatda düzəliş edib yazını yenilədik. Biz, indiyə qədər bu əməliyyat barədə mediada yazılan məlumatlara əsasən şəhidlərimizin sayı barədə səhv məlumat paylaşım etmişik. Balay Nəsibov səhifəmizin izləyicisidi və öz rəyini bildirib. Kimin sualı varsa Balay müəllimə müraciət edə bilər.





















