Xəbər verdiyimiz kimi, bu gün Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olunub və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib.
O, yeni təyinatı ilə bağlı manşet.az-a qısa açıqlama verib: “Hələ ki yeni təyin olunmuşam. Yəqin ki, TƏBİB-də kadr dəyişiklikləri və yeniliklər olacaq. Hələ ki bu barədə nəsə deyə bilmirəm”.
Ölkə.Az Anar İsrafilovun tərcümeyi halını təqdim edir:
O, Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.
Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirdiyi qeyd edilir.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.
2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
O, 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır.
Qeyd edək ki, Vüqar Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.
Məlumat üçün bildirək ki, TƏBİB rəhbəri qurumun Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunur. TƏBİB-in Müşahidə Şurasının sədri isə Zaur Əliyevdir.
Müşahidə Şurasının üzvləri aşağıdakılardır:
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri;
• Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;
• Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
• Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.
Ölkə.az


















