
Deyəsən Cavanşir Feyziyevin nə isə işi müşkülə düşüb. Bu günlərdə Əli Kərimlinin əleyhinə “Qafqazinfo”da “Qoşa sağsağanlar…” adlı pota bir məqalə yazıb. Axı bu ölkədə kim deputat seçilmək istəyirsə gərək bir-iki ağız Əli Kərimlini söysün. Kim vəzifəyə getmək istəyirsə gərək Əli Kərimlinin yaşadığı evin qarşısındakı “etiraz” mitinqində iştirak etsin. Kimin işi əyilirsə rejimə sədaqətini sübut etmək üçün gərək Əli Kərimlinin əleyhinə qələmə sarılsın.
Son illərdə Feyziyevin ailə üzvlərinə məxsus Londondakı bank hesablarından 5,6 milyon funt müsadirə edib Britaniya büdcəsinə keçiriblər, mənbəyi şübhəli olan, daha doğrusu çirkli pulların yuyulmasına gedib çıxan 63 milyon funt (yəni 135 milyon manat) dəyərində olan əmlakı üzərinə həbs qoyublar. Bu pulları adam Azərbaycan xalqının sağlamlığından, səhhətindən daldalayıb. Hətta bunu təmizə çıxarmaqdan ötrü bir fransız şirkəti ilə müqavilə də bağlayıb ki, guya bu mülkələrin alınmasına sərf edilən vəsaiti həmin firma müqavilə əsasında ona köçürüb. Amma Britaniya Kriminal Agentliyi həmin müqavilənin kökünə gedib çıxanda məlub olub ki, müqavilə saxtadır. Bu qalsın bir yana.
Adam London Yüksək Məhkəməsinin 63 milyon funt sterlinq dəyərində olan əmlakına qoyulan həbsdən necə qəzəblənibsə qələmi çevirib Əli Kərimliyə qarşı. Şübhəsiz ki, məni də yaddan çıxarmayıb. Feyziyev “obrozovonski” görünmək üçün Hyde Parkdakı “Speaker Corner” dən zaddan yazır. Adamın üst-üstə Londonda 75 milyon funt sterlinq pulu və əmlakı aşkarlanıb, üzərinə həbs qoyulun mülklərin bir hissəsi də Hyde Parka baxır, amma indiyəcən bu parkın adın düzə yaza bilmir. O parkın adı “Hide Park” deyil, “Hyde Park”dır. Bu da mühüm deyil.
Adam “Qoşa sağsağanlar…” şedevrinin sonunda yazır: “Hətta bir gün Azərbaycandakı bütün başı dumanlılar da Əli Kərimlini dinləməkdən imtina etsələr, onu dinləyəcək və absurd iddialarında ona dəstək səsini çıxaracaq birisi həmişə var – Hide Parkı (Hide Park yox – Hyde Park) tez-tez ziyarət edib kənardan həsrətlə “Speaker Corner” taburetkasına baxan “Kama-sutra elmləri doktoru” Cəmil Həsənli son nəfəsinə qədər onunla səs-səsə verib çığıracaq. Bu cılız çığırtılar təbiətdə əkiz quşlar kimi tanınan sağsağanların “həyasızlığını” xatırladır. Kiçik meşələrdə, parklarda, bağlarda, insanlara yaxın yerlərdə məskunlaşan, tez-tez yüksək səslə çığıra-çığıra ağacdan-ağaca uçan və hətta öz yuvalarını belə dağıtmaqdan vaz keçməyən sağsağanlar adətən sıx meşələrdən çəkinirlər. Əli Kərimli və Cəmil Həsənli kimiləri isə anlamırlar ki, siyasət də elə bir növ sıx meşədir və bu meşədə sağsağanlara yer yoxdur.”
Adam özünü elə aparır ki, elə bil ömründə məşhur İtalyan bəstəkarı Coakkino Rossininin “Oğru sağsağan” tamaşasına baxmayıb. Axı, Londonun Opera Teatrında tez-tez bu tamaşanı göstərirlər. Hətta, 2018-ci ilin may ayında Rossininin ölümünün 150 illiyinə həsr olunmuş İtaliya Opera Günləri keçriləndə bu tamaşanı Bakıda da gətirmişdilər və bütün Məclis də “Oğru Sağsağan” tamaşasına dəvət edilmişdi. Feyziyev də hər iki peşəsinə uyğun olaraq gərək bu tamaşaya baxmış olaydı.
Görünür Cavabşir Feyziyevin sağsağanlara xüsusi maraq göstərməsinin özəl səbəbləri də var. Birincisi ki, bu quşlar dünyada yeganə sərvət toplayan quşlardır. İkincisi, bir az da əzzazçıların işinə müdaxilə edirlər. İkinci səbəbdən sağsağanlara Azərbaycanda həm də “Saqqızyeyən quşlar” da deyilir (Bax: Professor Bəşir Əhmədovun etimoloji lüğəti). Onlar lap əzzaçılar kimi ağacdan süzülən və əzzazçılıqda geniş istifadə edilən qətrandan özləri üçün saqqız düzəldirlər.
Yeri gəlmişkən, Feyziyevin çirkli pulları dolandırdığı ingilis ofşor adalarında sağsağan bəduğur quş kimi yozulur. Rusiyada isə ona “soroka – vorovka” da deyirlər. Bu sağsağanlar bir xüsusiyyəti də var: onlar bir qayda olaraq qızıl, parildayan şeylər oğurlayır. Gərək bu sağsağan məsələsini Feyziyev heç ortaya atmırdı. Çünki “ağıllı” quşlar həmişə dimdiyindən ilişir.
Cəmil Həsənli Milli Şuranın Sədri