Tramp hədələyir, iğtişaşlar genişlənir, rejim ölkəyə nəzarəti itirir

Bəs İranı nə gözləyir və Azərbaycan nəyə hazır olmalıdır?

Hazırda İranda xalq etirazları gündən günə genişləndikcə rejim də ölkəyə siyasi nəzarət imkanlarını itirir. Bir qayda olaraq, İran hakimiyyəti bu cür etirazlarla qarşılaşanda kütləvi zorakılığa və misli görünməmiş qəddarlığa əl ataraq cəmiyyəti susdura, etirazları qan içində boğa bilirdi. Xatırladaq ki, 2022-ci ildə Məhsa Əmininin öldürülməsindən sonra baş qaldıran xalq etirazları zamanı 500-dən çox adam öldürülmüş, aksiyalarda iştirak edən 15 minə qədər şəxs isə həbs edilmişdi.

Bu dəfə isə situasiyanı mürəkkəbləşdirən və İran hakimiyyətinin əl-qolunu bağlayan ABŞ-dan gələn sərt xəbərdarlıqlardır. Tramp və onun yaxın adamı hesab olunan senator Qrim ənənəvi diplomatik çərçivədən kənara çıxaraq, çox açıq şəkildə bildiriblər ki, əgər ayətullahlar etirazçıları öldürəcəklərsə, ABŞ da onları öldürəcək. Bu qədər aydın və kəskin xəbərdarlığı yəqin ki, heç kim gözləmirdi.

Venesuelada Maduronun ələ keçirilməsindən sonra özgüvəni daha da artan Trampın bu bəyanatı mollalar üçün sadəcə sözdən ibarət hədə olmaqdan daha çox, havaya qalxmış əlin real xəbərdarlığı kimi görünür. Bu üzdən də İran hakimiyyəti genişlənən xalq etirazları qarşısında özünün bütün zorakılıq imkanlarını və vasitələrini tətbiq etməkdə hələ ki, tərəddüd edir. Təbii ki, etiraz edən cəmiyyət də hakimiyyətin Tramp qorxusunu və tərəddüdlərini hiss etdiyi üçün öz tələb və narazılıqlarını daha sərt formada ifadə etməyə, hətta təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya meyl edir.

Bu baxımdan bu günkü aksiyaları əvvəlkindən fərqləndirən cəhət etirazçıların hakimiyyət orqanlarına və təhlükəsizlik qüvvələrinə fürsət düşən kimi hücum etməsidir. Ona görə də İrandakı etirazlar sadəcə küçə nümayişləri olmaqdan çıxıb, yerlərdə hakimiyyət orqanlarının binalarını yandırmaq, rejim simvollarını təhqir etmək, ələ keçirilən təhlükəsizlik qüvvələri nümayəndələrinin linç olunması kimi daha sərt hərəkətlərlə müşayiət olunur və iğtişaşlara çevrilir.
Əgər proses bu templə davam edərsə iğtişaşlar bütün ölkə boyu yayıla və ölkə tam bir xaosa düçar ola bilər.

Ancaq Tramp adminstrasiyasının bəyanatlarından da görünür ki, ABŞ hansısa mərhələdə irandakı proseslərə birbaşa daxil olmaqla bağlı daxili qərar verib. Ola bilsin ki, Tramp prosesi İran xalqı ilə birlikdə yekunlaşdırıb qələbə çələngini almağa iddialıdır. Əgər Venesuelada olduğu kimi işin içində bir də İranın nəhəng neft və qaz ehtiyatları varsa, o zaman Trampın qətiyyətli addımlar atmaq ehtimalı daha da artır.

Həm də görünür ki, bu dəfə İsrailin İran cəmiyyətindəki mənfi imicini nəzərə alaraq Netanyahu bir qədər arxa plana çəkilib. Əslində İran rejimi çox istərdi ki, indiki halda Trampın yerinə Netanyahu onları hədələsin. Ancaq bu olmadığına görə molla hakimiyyəti ənənəvi sionist xarici düşmən kartından istifadə edib cəmiyyəti sakitləşdirə, öz ətrafında birləşdirə bilmir. Mollalar bu vəziyyətdə ideoloji baxımdan tərkisilah olublar.

Trampın hədələrinə isə İran cəmiyyəti xarici düşməndən gələn təhdid kimi deyil, əksinə, gözlədikləri kömək kimi baxır. Təsadüfi deyil ki, bayraq da daxil olmaqla hazırkı İran dövlətinin simvollarını təhqir edən etirazçılar Trampın adına küçə vermək qədər onu özlərinə yaxın bilirlər.
Son olaraq onu da qeyd edək ki, xalq və hakimiyyətin bir-birinə bu qədər nifrət etdiyi bir şəraitdə ABŞ-n dini hakimiyyətin ali rəhbər heyətini və güc strukturlarını məhv etməyə yönəlik müdaxiləsi rejimin süqutu ilə nəticələnə bilər. Ona görə də bu dəfə İrandakı proseslərin inkişaf vektorlarını dəyərləndirərkən xarici müdaxilə faktorunu da nəzərə almaq lazımdır.

Bu, da o deməkdir ki, Azərbaycan hakimiyyətində az da olsa dövlətçilik maraqları və düşüncəsi varsa, Cənub qonşumuzda gedən proseslərin inkişafı ilə bağlı mütləq hərtərəfli dərin strateji planlaşdırma aparılmalı və İranın parçalanması variantında Güney Azərbaycan türklərinin öz tarixi torpaqlarından bir qarış da olsun güzəşt etmədən milli müqəddəratını təyin etməsi üçün lazım olan bütün işlər görülməlidir.

Fuad Qəhrəmanlı.