
İlham Əliyev hakimiyyətindən Azərbaycan gənclərinə çox ağır zərbə
Azərbaycanda təhsili məhv edən rejim bununla kifayətlənməyib, Avropa İttifaqına da azərbaycanlı gənclərə keyfiyyətli, müasir təhsil verməyi qadağan edib.
Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus proqramı azərbaycanlı tələbələrə müxtəlif Avropa universitetlərində təhsil almaq imkanı verirdi. Bu proqram çərçivəsində azərbaycanlı müəllimlər də Avropanın aparıcı universitetlərində təcrübə keçmək imkanı qazanırdı. Azərbaycan hakimiyyəti ölkə təhsili üçün, gənclər üçün bu qədər faydalı proqramı dayandırıb.
Erasmus proqramı azərbaycanlı gənclərə fərdi təqaüdlər verməklə onlara şərait yaradırdı ki, həm bakalavriat, həm magistratura, həm də doktorantura səviyyəsində təhsillərini qabaqcıl Avropa universitetlərində davam etdirsinlər. Azərbaycanda ildə min nəfərə yaxın tələbə Avropa İttifaqının Erasmus proqramının fərdi təqaüdlərindən istifadə edərək, Avropada təhsil ala bilirdi. Bu, Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir. Bundan əlavə Erasmus proqramı hər il yüzlərlə müəllimin də Avropa universitetlərində təcrübə qazanmasına imkan yaradırdı.
Aİ Erasmus proqramının Azərbaycanda təhsilin yaxşılaşdırılmasına töhvəsi bununla da bitmirdi. Bu proqram fərdi təqaüdlərdən əlavə Azərbaycanın özündə də təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına töhvə verirdi. Bu proqram çərçivəsində Aİ Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin yüksəldilməsinə və müasirləşdirilməsinə də ciddi maliyyə yardımı ayrırdı.
“Ali təhsildə potensialın gücləndirilməsi” proqramı çərçivəsində universitetlər üçün irimiqyaslı layihələr maliyyələşdirilirdi. Erasmus proqramı universitetlərdə ixtisas hazırlanması və ya hansısa mövcud ixtisasın modernləşdirilərək, Avropa standartları səviyyəsinə uyğunlaşdırılmasına da kömək edirdi. O proqramlar da dayandırılıb.
Universutetlər Aİ-nin köməyilə tədris proqramları, dərs vəsaitləri, laboratoriyalar yaratmaq, avadanlıqlar, texnologiyalar almaq, müəllimlər üçün Avropa universitetlərində treninqlər təşkil etmək imkanı qazanırdılar. O imkanlar da qapadıldı.
Azərbaycan hakimiyyəti Erasmus proqramını dayandırmaqla Avropa İttifaqına deyir ki, bizim gənclərimizə təhsil vermə, bizim universitetlərimizi inkişaf etdirmə. Bizə savadlı yox, savadsız və hüququnu bilməyən insanlar lazımdır.
Rejim rəsmən ölkəni dünyaya qapadır. İmkansız ailələrdən çıxan minlərlə, onminlərlə gəncin müasir və keyfiyyətli təhsil almaq üçün yeganə imkanını da əllərindən alır.
Deyirdik ki, tək adam hakimiyyətindən, seçilməyən, hakimiyyətini zor gücünə qoruyan avtoritar rejimdən hamı pislik görəcək. Təəssüf ki, haqlı çıxdıq. Rejim növbə ilə bütün təbəqələrin, qrupların, nəsillərin həyatını çətinləşdirir. Rejimdən ən çox zərər görən isə məhz Azərbaycan gəncliyidir.
Gənclik də gərək ölkənin və özünün başına gətirilənləri biganəliklə seyr etməsin.
Əli Kərimli
AXCP sədri