ABŞ – Avropa qarşıdurması ilə bağlı çox maraqlı təhlil
“Qərbi dağıdan Tramp deyil. Biz bunu özümüz edirik!” — Axel Springer-in reportyoru Mark Feliks Serrao.
Mark Feliks Serrao Axel Springer konserninin Global Reporters Network şəbəkəsi üçün analitik məqalələr və reportajlar yazır. O, 2021–2025-ci illərdə Almaniyada Neue Zürcher Zeitung qəzetinin baş redaktoru olub. Onun hazırkı vəziyyətlə bağlı təhlili:
“Transatlantik ittifaq böhran içindədir. Bu doğrudur. Günahkar Donald Trampdır. Bu isə rahat izahdır. Avropa tezliklə ABŞ-sız Qərbi müdafiə etməli olacaq. Bu, meqalomaniyadır. Amma hazırda hər gün məhz bu fikir səsləndirilir.
Avropa ilə ABŞ arasındakı münasibətlər pisləşib. Lakin bu, Amerikanın Qərb dəyərlərinə xəyanət etməsi səbəbindən deyil. Səbəb odur ki, avropalılar eyni anda həm şikayət etdikləri, həm də qoruyub saxladıqları rola alışıb qalırlar: onlar hərbi baxımdan himayə olunan, mənəvi üstünlük iddiasında olan tərəfdirlər.
Himayə olunan üçün Tramp təhlükədir. Moralçı üçünsə — hədiyyə. Avropa Xarici Əlaqələr Şurasının iddiasına görə, Amerikanın “alçaldıcı davranışlarına” qarşı yalnız “strateji muxtariyyət” kömək edə bilər.
Gözəl sözdür. Amma illüziyadır.
Bu cür strateqlərin sevimli aktual nümunəsi Qrenlandiyadır. Məlum olduğu kimi, Tramp Danimarkaya məxsus olan bu adanı əldə etmək istəyir. Hətta hərbi müdaxilə ilə hədələyib.
Əlbəttə, bu hədə-qorxu həyasızdır. Amma doğrudanmı kimsə inanır ki, Amerika Delta Force yaxın vaxtlarda Danimarka silahlı qüvvələrinin Arktika komandanlığını (80 nəfər) darmadağın edəcək? Yaxud Qrenlandiyanın badminton ustası və ada hökumətinin başçısı Yens-Frederik Nilsen ABŞ məhkəməsi qarşısına çıxarılacaq?”
“Avropa təkbaşına” — bir xülyadır
Qrenlandiya Venesuela deyil. Tramp da dəli deyil. O, Qərbin sonunu istəmir — o, Amerikanın öz yarımkürəsində hegemonluğunu istəyir. Bu, yeni dünya nizamı deyil. Bu, böyük dövlətlərin köhnə siyasətidir.
Söhbət nəzarətdən gedir. Və çox güman ki, sonda razılaşmadan. Avropanın bu vaxtkı təşvişi isə Trampa yalnız kömək edir.
Avropa üçün ilk düzgün addım dürüstlük olardı. “Avropa təkbaşına” — bu, ximeradır. Qitə iqtisadi baxımdan güclüdür. Amma ona hərbi güc, siyasi birlik və strateji iradə çatışmır.
ABŞ-ın müdafiəsi olmasaydı, Aİ dövlətləri birləşməzdi. Bəziləri yenə Vaşinqtona ümid bağlayardı. Digərləri neytrallığa sığınardı. Ya da Rusiya ilə flört edər və bunun bədəlini acı şəkildə ödəyərdi. Avropa müstəqil aktora çevrilməzdi. O yenidən parçalanmış bir qitə olardı.
Amma Amerika da yanılır. Tramp administrasiyasının Avropaya yönəltdiyi tənqidlər çox vaxt güzgü effekti yaradır: başqasını elə özünün də iştirak etdiyi şeylərdə günahlandırmaq.
Bəli, Aİ və onun bir çox üzv dövlətləri söz azadlığını məhdudlaşdırır. “Nifrət” və “dezinformasiya”ya qarşı onlayn mübarizə hüquqa deyil, hisslərə əsaslanır.
Bəli, nəzarətsiz miqrasiya problem olaraq qalır. Və bəli, Avropadakı demoqrafik geriləmə özünü məhv edən xarakter daşıyır. Yeganə sual budur: bunun kökü haradadır?
Qərbə daxildən də təhlükə var
Avropa həm də ABŞ-ın mədəni himayəçisidir. Bu gün qitəni parçalayan problemlərin çoxu Amerikadan gəlib: “cancel culture”, “ağ günahı”, nailiyyətlərə və şəxsi məsuliyyətə hücum.
Amerikanın elit universitetlərində Qərb illərlə irqçi və cinsiyyətçi kimi damğalanıb. İndi isə eyni çevrələr onun məhvindən xəbərdarlıq edirlər. Bu, ikiüzlülükdür.
Qərbə yalnız Rusiya və Çin deyil, daxili proseslər də təhlükə yaradır. Dominant mövqeyə yüksəlmiş sol-liberal dünyagörüşü ənənələri, ailəni və milləti dağıdır. O, azadlığı xaosa çevirib.
Politoloq Patrik Dinin haqlı olaraq xəbərdarlıq edir: bütün bağları ləğv edən, azad insan yox, hər şeyi tənzimləyən, əxlaq dərsi keçən bir dövlət əldə edir.
Qərbdə əsl çat Avropa ilə Amerika arasında deyil. O, cəmiyyətlərin öz içindən keçir. Atlantikanın hər iki tərəfində.
Tramp böhranın səbəbi deyil. O, hələlik böhrana verilmiş ən sərt reaksiyadır. Sual Avropada belə bir reaksiyanın olub-olmayacağı deyil. Sual ondadır — nə vaxt olacaq.
Qərb seçim qarşısındadır: ya məcburedici, bulanıq bir cəmiyyətin içində sona çatacaq — ya da onu güclü edən azadlıq, məsuliyyət və dəyərlərə geri dönüş yolunu tapacaq.”
azadlıq qəzeti



















