Onlara qarşı cinayət törədilib

Əqidə dostlarım, AXCP fəalları, mənim ictimai əsaslarla mühafizəçilərim Kənan Basqal və Novruz Tağıyevin həbs müddəti daha 3 ay müddətinə artırıldı. Kənan bəy də, Novruz bəy də nəinki cinayət əməli, heç ən elementar hüquq pozuntusu da törətməyiblər.

Kənan bəyin və Novruz bəyin yeganə “cinayəti” azadlıqları bahasına olsa belə, məni rejimin təxribatlarından qorumağa çalışmaları olub.

Kənan Basqalın guya adam bıçaqlaması da, Novruz Tağıyevin guya dələduzluq etməsi də tamamilə uydurulmuş ittihamlardır.

Tofiq Yaqublu, Rüfət Səfərov, Elxan Əliyev və bu qəbildən olan digər işlərdə olduğu kimi, Kənan Basqal və Novruz Tağıyev heç bir bəhanə vermədikləri halda əvvəlcədən yazılmış ssenari üzrə şərlənərək həbs olunublar. Onlara qarşı cinayət törədilib.

Hüquq və ədalət tələb edir ki, Kənan bəy, Novruz bəy, Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslar azadlığa çıxmalı, günahsız insanları bilə-bilə qəsdən şərləyərək həbs edənlər isə qanun qarşısında məsuliyyət daşımalıdır.

Əli Kərimli
AXCP sədri.