Tehranda İranın İsrail üzərində qələbəsini qeyd etdilər. Teoakratik rejim dövləti, xalqı və rejimi qorumalı olan silahlı qüvvələrin özünü, rəhbərlərini qorumaq iqtidarında olmadığını ört-basdır etmək üçün qələbə şousu düzənləyib. Rejimi dinc etirazçılardan “uğurla” qoruyan SEPAH-ın öz rəhbərlərini İsraildən qorumaq iqtidarında olmaması Tehranın qələbə şousu düzənləməsinə maneə olmadı.
İsrail də hərbi əməliyyatlara başlayarkən qarşısına qoyduğu vəzifələrə tam nail ola bilmədiyi üçün, qələbə qazanmayıb. ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, İranın üç nüvə obyektinə endirilən zərbələr Tehranın nüvə proqramının əsas komponentlərini, yəni sentrifuqaları və yüksək dərəcədə zənginləşdirilmiş uranı tam məhv edə bilməyib. Bu məlumat göstərir ki, İsrail İran ordusuna ağır zərbə vursa da, əsas məqsədinə çata bilməyib. Üstəlik, rəsmi Tehran nüvə proqramından imtina etmək niyyətində deyil.
Ən nəhayət, Yaxın Şərqin iki güclü dövləti, İsraillə İran arasında sülh yaratdığını bəyan edərək bunu qələbə kimi qeyd edən Donald Tramp da yanılır. İran nüvə silahına sahib olmaq və İsraili məhv etmək siyasətindən imtina etməyənə qədər iki dövlət arasında sülhdən danışmaq ən azı siyasi naşılıq olar.
Tramp və onun qızğın tərəfdarları nə qədər arzu etməsələr də, Teharnın nüvə proqaramını məhv etmək üçün İrana qarşı yeni hərbi əməliyyat və Rusiyanın təcəvüzkarlığının cilovlanması bütün dünyada təhlükəsizliyin təmin olunması üçün həyati önəm daşıyır.
Əgər Tramp adminstrasiyası İranın nüvə silahına sahib olmasına imkan versə və Rusiyanın təcəvüzkar siyasətini dayandırmasa Avropa, Asiya və Yaxın Şərqdə onlarla dövlətin ilk işi nüvə silahı yaratmaq olacaq. Bu isə dünyanı daha təhlükəli hala gətirəcək.

Xəqani Cəfərli politoloq