ABŞ Yaxın Şərqdə ilk dəfə İranın “Şahed-136” modeli əsasında yaradılmış zərbə PUA-larını yerləşdirir – bu addım Tehran rejiminin asimmetrik strategiyasının effektivliyinin faktiki etirafı kimi qiymətləndirilir.
Vaşinqton artıq yalnız təhdidlərə cavab verməklə kifayətlənmir – indi eyni vasitələrlə mübarizə aparmağa başlayır, İranın hava hücumundan müdafiə sistemlərini tükəndirməyə yönəlmiş texnologiyasını öz təzyiq alətinə çevirir.
◾️Beləliklə, ABŞ əvvəllər açıq şəkildə demək istəmədiyini indi etiraf edir: ucuz, çoxsaylı və nisbətən sadə zərbə PUA-larına əsaslanan İran modeli müasir hərbi qarşıdurmalarda ən səmərəli yanaşmalardan biri olub. “Şahed-136” dronu – həm İran, həm də onun müttəfiqləri tərəfindən geniş istifadə edilən aparat – göstərib ki, uzunmüddətli müharibələrdə həlledici amil təkcə texnoloji üstünlük deyil, həm də kütləvi istehsal qabiliyyəti, döyüş meydanının doydurulması və düşmən HHM sisteminin yüklənməsidir.
◾️Amerikanın yeni PUA-sı “Lukas” klassik mənada innovasiya deyil, uğurlu xarici təcrübənin öz əməliyyat tələblərinə uyğunlaşdırılmasıdır.
Bu pilotsuz müharibə transformasiyasında xüsusi yer məhz Azərbaycana məxsusdur – çünki hələ qlobal müzakirələr başlamazdan əvvəl Azərbaycan dünyada ilk dəfə olaraq zərbə PUA-larının dövlətlərarası müharibədə həlledici rol oynadığını sübut etmişdi.
2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Bakı kəşfiyyat-zərbə tipli dronlardan tutmuş kamikadze PUA-lara qədər geniş spektrdə sistemli və kütləvi tətbiq həyata keçirdi. Məhz bu taktika sayəsində Azərbaycan düşmənin HHM sistemini sındırdı və müharibənin gediş məntiqini dəyişdi.
◾️Azərbaycan göstərdi ki, dronlar əlavə vasitə deyil, hücum strategiyasının mərkəzi elementi ola bilər – həm tükəndirmə, həm demoralizasiya, həm də nisbətən az xərclə texnoloji üstünlük təmin edən əsas güc.
◾️Bu mənada ABŞ-ın indi “ucuz və kütləvi” PUA-lara yönəlməsi yalnız bir həqiqəti təsdiqləyir – asimmetrik hava platformaları dövrü nə İranda, nə də nəzəriyyədə deyil, 2020-ci ildə Cənubi Qafqazın real döyüş meydanında başlamışdı.



















