
70 ildən sonra Avsrtiya NATO-ya (Şimali Atlantik Müqaviləsi) qoşulmağa hazırlaşır. Time TV bildirir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger “Die Welt” qəzetinə müsahibəsində deyib. O, konkret olaraq bildirib ki, neytrallıq dövrü bitib. Vyana neytrallıqdan əl çəkməyə və NATO-ya daxil olmağı müzakirə etməyə hazırdır.
Səbəb isə Rusiyanın getdikcə artan aqressiv siyasətidir.
“Təkcə neytrallıq bizi qoruya bilməz. Avstriyanın təkcə özünün müdafiə investisiyalarına deyil, həm də real tərəfdaşlığa ehtiyacı var. Hazırda parlamentdə və ya vətəndaşlar arasında alyansa qoşulmağın tərəfdarı çox deyil.”
Lakin müzakirənin özü, Meinl-Reisingerə görə, çoxdan gecikib və “çox məhsuldar” ola bilər.
Qeyd edək ki, Avstriya 1955-ci ildə keçmiş Sovet İttifaqı və müttəfiq qoşunlarının çıxarılmasından sonra neytrallığını elan edib. Bu müddəa konstitusiyada təsbit olunub. Amma buna baxmayaraq, ölkə NATO ilə “Sülh naminə tərəfdaşlıq” proqramı vasitəsilə əməkdaşlıq edir.
Azadlıq qəzeti