
Komitə sədrindən tarixi açıq şəkildə saxtalaşdırma cəhdi
“Milli Məclisin Təbii Ehtiyatlar Komitəsinin sədri Sadiq Qurbanov “Ədəbiyyat qəzeti”nin son saylarında “Novruz bayramı türk dünyasının birlik və inkişaf modeli kimi” adlı bir məqalə yazıb. Mifologiya, social-antropologiya, Novruzun mifologiya ilə bağlılığı, milli kimlikdə mifologiyanın rolu kimi çox “dərin” mətləblərə baş vurub Sadiiq müəllim və fizika qanunlarına uyğun qəribə bir konsepsiya kəşf edib:
“Bayram=Mifologiya=Milli Kimlik”. Başqa sözlə, bayramın mahiyyətini mifologiya təşkil etdiyi kimi, milli kimliyin də mahiyyətində mifologiya durur.” Halbuki milli kimlik xalqın mifologiydan, mifoloji düşüncədən ayrılıb daha yüksək millət düşüncəsinə sahib olma mərhələsidir. Azərbaycanda bu mərhələ XIX əsrin ikinci yarından ümmətdən millətə keçid prosesi ilə başlayır və həmin prosesin mifologiya ilə elə bir əlaqəsi yoxdur.
Məqalənin əsas məramlarından biri Novruzun tarixini Heydər Əliyevlə bağlamaq cəhdidir. Yazıda Əliyevin ikinci idarəçiliyi dövründə Novruz bayramı ilə bağlı xalqa təbriklərindən çoxlu iqtibaslar var. O, yazır: Milli ideloqon nitqində Novruzun “tariximizin müxtəlif dövrlərində bəzi təzyiqlərə, süni maneələrə məruz qalması”nın vurğulanması xüsusi bir məqamdır.”
Sadiq müəllim 1967-ci ildə Novruzun dövlət səviyyəsində keçirilməsinə toxunaraq yazır ki, “1967-ci ildə Novruz bayramının “Bahar bayramı” adı altında təntənəli şəkildə qeyd olunması o vaxt SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri işləyən Anastas Mikoyanın və onun əlaltılarının böyük qəzəbinə səbəb oldu. Erməni seperatçılarının liderləri Levon Şaumyan, Marietta Şaginyan, Sero Xanzadyan və onlarla başqalarının imzası ilə Kremlə məktublar axını başladı.”
Əvvəla onu deyək 1967-ci ildə Azərbaycanda Novruz bayramı ilk dəfə təntənəli keçirilmişdi və bayramın keçirilməsinə Vəli Axundov başda olmaqla Mərkəzi Komitənin katibliyi qərar vermişdi. İkincisi, həmin Novruz bayramı keçiriləndə Anastas Mikoyan artıq iki il idi ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən çıxarılmışdı. O, 1965-ci ildən 70 yaşı tamam olduğuna görə Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsindən pensiyaya göndərilmişdi. O, Novruz bayramının keçirilməsinə necə mane ola bilərdi?
Üçüncüsü, Sadiq müəllimin adlarını zikr etdiyi Levon Şaumyan, Marietta Şaginyan, Sero Xanzadyan Novruz bayramı ilə bağlı Kremlə hər hansı məktubu yoxdur. Bir sıra erməni alim və ziyalıları həmin illərdə Rəsul Rzanın Parisin Per la-Şez məzarlığında Andronikin qəbirüstü abidəsi haqqında yazdığı şeidən, az sonra “Babək, xəyanət qurbanı” şeirindən, Firudin Şuşinskinin “Şuşa” kitabından, Nəzər Heydərovun “Zəngəzur dağlarında”, Əyyub Abbasovun “Zəngəzur” romanından, Mirzə Cəilin “Usta Zeynal” hekayəsindən, hətta 1963-cü ildə “Qabusnamə” kitabın azərbaycan dilində nəşr edilməsindən Kremlə məktublar yazmışdılar, amma Novruz bayramından yazmamışdılar. Yəni Sadiq müəllim bunu bir az uydurur.
Amma həmin illər Novruz bayramının təntənəli keçirilməsi haqqında Azərbaycan KGB-nin Moskvaya göndərilən bir sıra gizli məktub və məlumatlar var. Orada qeyd edilirdi ki, Novruz bayramının “Bahar bayramı” adı altında təntənəli keçirilməsi respublikanın əhalisi, xüsusi ilə ziyalılar arasında millətçilik əhval-ruhiyyəsini gücləndirmişdir. Bununla belə, 1968 və 1969-cu illərdə 1967-ci illə müqayisədə zəif olsa da, Novruzla bağlı Azərbaycan mətbuatında bəzi yazılar getdi. Novruzun açıq qeyd edilməsi Moskvanın “səssiz” göstərişi ilə 1970-ci ildən başlayaraq Azərbaycanda və digər Sovet müsəlman respublikalarında dayandırıldı”.
Cəmil Həsənli
Milli Şuranın sədri.