Gəncədə Yeni il ərəfəsində və qış tətili günlərində müxtəlif bayram proqramları təqdim olunacaq

Yeni il ərəfəsində və qış tətili günlərində Gəncə şəhərində balaca sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tamaşa və bayram şənlikləri hazırlanıb. Şəhərin aparıcı mədəniyyət müəssisələri uşaqları sehrli nağıllar, musiqili tamaşalar və Yeni il əhval-ruhiyyəsi ilə dolu proqramlara dəvət edir.

Bayram günlərində Gəncə Dövlət Milli Dram Teatrı öz səhnəsini uşaqlar üçün açacaq. Belə ki, 29, 30 dekabr 2025-ci il və 01–05 yanvar 2026-cı il tarixlərində şair-dramaturq Abdulla Şaiqin “Danışan gəlincik” nağılının motivləri əsasında hazırlanan “Şıltaq gəlincik” musiqili nağıl-tamaşası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Şahmar Məmmədovdur. Tamaşalar hər gün saat 11:00, 12:30, 14:00 və 15:30-da göstəriləcək.

Yeni il sevinci Gəncə Dövlət Kukla Teatrında da hiss olunur. Teatr balaca tamaşaçılar üçün “Şaxta babanın ad günü” adlı qış nağılını hazırlayıb. Tamaşa 20 dekabr 2025-ci il tarixindən 04 yanvar 2026-cı il tarixinədək hər gün saat 11:00, 12:00, 13:00 və 14:00-da nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Şamil Məmmədlidir. Səhnə əsəri uşaqlara xeyirxahlıq və dostluq dəyərlərini aşılayır.

Qeyd edək ki, təşkil olunan tamaşa və tədbirlər Yeni il günlərində uşaqların asudə vaxtının maraqlı və yaddaqalan şəkildə keçirilməsinə xidmət edir.