Süleyman Rüstəm – İlk məhəbbət

Sevib-sevilənlər çox gözəl bilir,
Olmayıb vəfası ilk məhəbbətin.
İzləyir aşiqi son mənzilədək
Şirin macərası ilk məhəbbətin.

Mənim dediklərim şikayət deyil,
Ürəklər yandıran hekayət deyil.
Həqiqi aşiqə kifayət deyil
Tükənməz cəfası ilk məhəbbətin.

Sevgisiz gül-çiçək bitməz, ey könül,
İnsan muradına yetməz, ey könül.
Nədəndir bilmirəm getməz, ey könül,
Başımdan sevdası ilk məhəbbətin?

Bu dərdə neyləsin loğmanın əli?
Əlimə dəyməmiş cananın əli.
Döydü qapımızı hicranın əli,
Budurmu mə’nası ilk məhəbbətin?

Mən onu sevmişdim bir ilkbaharda,
O məni tərk etdi boranda, qarda.
Hər yara sağalıb unudular da,
Sağalmaz yarası ilk məhəbbətin!

Vətən ədəbi məclisi