“Kralların tacına yazaram adını…”

Bəzi sözlər ömür kitabının üstünə qızıl hərflərlə yazılar və insan həyatının nəğməsinə, simfoniyasına çevrilər. Məndən o sözün nə olduğunu soruşsalar, “sevgi” deyərdim, amma hər bu sözü dilimə gətirmək istədiyimdə, hisslərim başqa bir sözə təslim olur. Bu sözü hər şeirin başına yazmaq anında o sehirli söz gəlib ixtiyarsız yerini alır baş köşədə. Sanki “sevgi” sözü də onun sinonimiymiş kimi, bu anda könüllü olaraq kənara çəkilir. O sözün nə olduğunu illərlə yol yürüdüyüm dostlar anladılar, yəqin ki. Amma onun nə demək olduğunu hər kəsdən daha gözəl fransız şairi Pol Elyuar(1895-1952) anladıb…

İkinci Dünya müharibəsi illəridir. Şair Paris kafelərinin birində oturub günlərlə şeir yazır. Bir qadına aşiq olub. Yazdıqca, uzanır bu şeir. Şeirin son misrasına sevdiyi qadının adını yazmağı düşünüb. Bu məqamda faşistlər Parisi işğal edirlər. Baxır ki, hər yerdə zülm, işgəncə, həbslər, küçələrdə zorakılığa məruz qalan, öldürülən insanlar… Ana vətəni və şəhəri işğal altına düşüb. 20 bəndlik şeir bitir, amma son misraya sevdiyi qadının adını yazmağa əli heç cür var gəlmir. Nə qədər istəsə də, könlü razılıq vermir. Sevdiyi qadının adı yerinə o anda daha böyük istəklə arzuladığı sözü yazır: “Azadlıq”.

Məktəb dəftərlərimə, sıralı ağaclara,
Qumlara, qarın üstünə yazaram adını…
Qızılı təsvirlərə, toplara, tüfənglərə,
Kralların tacına yazaram adını…
Azadlıq!

Azadlıq yanğısının nə olduğunu Pol Elyuar kimi yaşamış insanlar bilər. Milyonların arzusunu öz ömür kitablarının ana sözü edən, bu yolda böyük qurbanlar verən, əzab və işgəncələrdən, həbsxanalardan keçənlər bilər. Bu hissi böyük ürəkləri ilə qorxunu məğlub edən, yalın ayaqları ilə tikanlı çölləri özlərinə ömür yolu seçənlər bilər. Həyatı boyunca çəkdiyi məhrumiyyətləri insanlığa xidmət missiyası sayanlar bilər. Bu duyğunun nə demək olduğunu istibdad qılıncları üstünə sıyrılan məqamda belə, ölümün gözünə dik baxan, duruşunu pozmayan, boynunu bükməyən, qəddini əyməyənlər bilər. Bu hissi “sevgi” və “azadlıq” sözünü ömür kitabına sinonim olaraq yazanlar bilər. O insanlar dünyanın hər yerində var. Azərbaycanda da var! İdeallarına və dəyərlərinə böyük sevgi ilə bağlı olan məğlubedilməz insanlardır onlar! Əli Kərimli kimi, Tofiq Yaqublu kimi insanlardır! Cismən həbsxanalarda olsalar belə, ruhun azad və cəsur insanlardır onlar, köləliyi sevməzlər! Onlara salam olsun!

Səadət Cahangir.

azadlıq qəzeti