Güney Azərbaycan ideyası sünidir, yoxsa tarixi zərurətdir?

Bu deyanı çürütməyə çalışanların və Azərbaycan hakimiyyətinin niyyəti nədir?

İranda baş verən hadisələr fonunda Azərbaycan hakimiyyətinə yaxın şəxslərin dilindən Güney Azərbaycan məsələsinin milli maraqlara aid olmayan, daha çox Sovet dönəmindən qalmış kommunist mirası kimi təqdim etmə cəhdləri var. Hətta şahın oğlu Rza Pəhləvinin hakimiyyət iddialarını mövcud İran rejiminə daha yaxşı alternativ kimi təqdim etmək cəhdləri də var.

Əslində bütün bunlar Azərbaycan xalqının düşüncəsində dərin kök salmış Güney Azərbaycan, Bütöv Azərbaycan milli ideyasınıı aşındırıb onu əhəmiyyətsizləşdirməyə, beləliklə də bu məsələdə mövcud hakimiyyətdən gözləntiləri minimuma endirməyə xidmət edir. Ehtimal ki, bütün bu fikirlərin arxasında duran niyyət İranda dini rejim ölkəyə nəzarəti itirəcəyi, mərkəzdən qaçma meyilləri dərinləşəcəyi təqdirdə, Azərbaycan hakimiyyətinin milli maraqlarımıza görə deyil, şah rejimini yenidən bərpa etmək istəyən İsrailin planlarına uyğun davranması üçün zəmin hazırlamaqdır

İddia olunur ki, Güney Azərbaycan ideyasının Sovet kommunist rejimi dövründə əsası qoyulub və buna görə də o milli ideya sayla bilməz. Kökündən yanlış və antimilli bir mövqedir. Çünki Sovet hakimiyyəti bölünmüş, imperiya maraqları əsasında parçalanmış Vətənimizin bütövlüyü ideyasından öz Cənub sərhədlərini genişləndirmək üçün istifadə edibsə, indi biz bu tarixi ədalətsizliyi ortadan qaldırmaq və bütövləşmək arzumuzdan buna görə imtina etməliyik. Ona görə ki, Sovet rejimi bu ideyadan istifadə edib?

İsrail dövlətinin yaranmasında İngiltərə ilə yanaşı və Stalinin müstəsna xidmətləri olub. Hətta o zaman bu ölkənin ilk baş naziri David Ben Grion deyirdi ki, harada sovet səfirliyi varsa, bizim orda səfirlik açmağımıza gərək yoxdur, onlar bizi təmsil edirlər. Stalin o zaman Çexoslavakiya vasitəsi ilə İstailə silah göndərirdi və bu da dəstək onun ayaqda qala bilməsi üçün çox önəmli idi. İndi buna görə yəhudilər Stalin İsrail dövləti ideyasını dəstəkləyirdi deyib, öz dövlətlərini qeyri milli sayırlarr? Və ya 1917-ci ildə Balfour bəyannaməsi ilə İngiltərə Fələstində İsrail dövlətinin əsasını qoyan Yəhudi milli evinin yaradılmasını dəstəkləmişdi. Ancaq heç bir yəhudinin ağlına gəlmədi ki, buna görə durub İsrail dövlətinin yaranmasını İngilis layihəsi adlandırıb onu qeyri milli elan etsin. Çünki dövlət mənafeləri, milli maraqları elə məsələdir ki, kimliyindən, necəliyindən asılı olmayaraq əgər hər hansı dövlət və ya şəxs ona dəstək verirsə, o yerdə millətin ali mənafeləri naminə ondan istifadə etmək lazımdır. Bu, sadece realpolitikin əlifbasıdır.

Güney Azərbaycan ideyası Sovetlərdən əvvəl yaranmaması heç də bu ideyanın milli əsasının olmamaması ilə bağlı deyildi, bu daha çox o zamanın tarixi və sosialoji şərtlərinə uyğun olaraq millət kimi təşəkkül tapmamağımıza görə idi. Çar Rusiyası dağılana qədər Azərbaycan türkləri olaraq millətləşmə prosesini düz əməlli başlatmadığımıza görə milli bütövlük fikiri necə gündəmə gəlib milli ideyaya çevrilə bilərdi?

O zaman Rəsulzadə və silahdaşları çar Rusiyası daxilində “ədəmi mərkəziyyət” fikri ilə yola çıxmışdılar və Çar Rusiyası süqut edənə, Zaqafqaziya Seymi dağılana qədər heç Şimali Azərbaycanın müstəqilliyi düşüncəsi milli ideya kimi yox idisə, bu vəziyyətdə nece Güney məsələsi, Bütöv Azərbaycan ideyası ərsəyə gələ bilərdi? Hər bir milli ideyanın yaranmasını şərtləndirən siyasi, etno- mədəni və sosialoji şərtlər meydana çıxmadan milli ideya , hədəflər də yarana bilməz. O dövrdə Rəsulzadə Azərbaycan dövlətini quranda təhsili olmayan, özünü hələ Nikolayın rəiyyəti hesab edən, öz milli kimliyini hələ dərk etməmiş Azərbaycan xalqı necə Sovet hakimiyyətindən qabaq Bütöv Azərbaycan ideyasını ortaya qoya bilərdi?

Sovet hakimiyyəti dövründə kommunist rejimi bu ideyadan öz maraqları üçün istifadə fikrinə düsməsə idi belə, hətta sovet sistemi daxilində Azərbaycanda millətləşmə prosesi irəlilədikcə, 60-70-ci illərdə yetişən Elçibəy, Bəxtiyar Vahabzadə və. s kimi milli ziyalılar milli bütövlük, Güney Azərbaycan ideyası fikrini milli düşüncə sistemimizdə inşa etməyə başlayacaqdılar. Ona görə də Güney Azərbaycan ideyasının gündəmə gəlməsinə milli özünüdərkin, kommunist ideologiyasının basqılarına rəğmən milli kimlik şüurunun yaranmasını nəticəsi kimi baxmaq lazımdır.

Və bu gün İranda Azərbaycan türkləri daha çox hakimiyyətdədirlər, xalq müstəqillik ideyasını dəstəkləmir, ona görə də Güney Azərbaycan ideyası reallıqdan uzaqdır fikirləri də palitoloji baxımdan qüsurlu, milli maraqlar baxımından isə antimilli, müasir beynəlxalq siyasətin reallıqları baxımından rasional olmayan bir yanaşmadır. Ona görə ki, SSRİsüqut edənə qədər postsovet ölkələrində nə qədər qazax, ukraynalı, özbək və. müstəqillik ideyasını dəstəkləyirdi? Bu fikir olsa-olsa yeni formalaşan antisovet siyasi elitalara məxsus idi. Keçmiş sovet xalqlarının əksəriyyəti Sovet İttifaqında daha çox hüquq və azadlıqlar almaq, islahatlar arzulayırdı.

Ancaq İmperiya ideoloji və iqtisadi baxımdan resurslarını tükədib çökəndə, hər xalq bu situasiyada alternativsiz olaraq müstəqil olmaq yolunu tutdu və heç kim də demədi ki, yox axı bizim əvvəlcədən müstəqillik ideyamız olmayıb. Eləcə də bu gün iqtisadi və ideoloji baxımdan tükənib dərin böhrana girən və ancaq kütləvi zorakılıqla ömrünü uzatmağa çalışan İran molla hakimiyyəti də süqut edəndə, heç kim iddia edə bilməz ki, 40 milyonluq Azərbaycan türkü də öz milli müqəddəratını təyin etmək yolunu seçməyəcək. Necə ki, biz və digərləri SSRİ süqut edəndə sovet xalqı anlayışından imtina edib müstəqillik yolunu seçdik, eləcə də Güney Azərbaycan türkləri də saxta İran xalqı anlayışından imtina edib milli dövlət qurmaq yolunu seçəcəklər.

P. S. Demokratiya və hüquqları bu xalqın əlindən almısınız, heç olmasa milli ideyalarımıza əl uzatmayın. Çünki bu Vətən məsələsidir.

Fuad Qəhrəmanlı.