ABŞ İranı vuracaqmı, vuracaqsa niyə vuracaq?
Bu qarşıdurmanın geosiyasi səbəblər nələrdir?
Strateji təhlil:
İran ətrafında vəziyyət hər gün daha da gərginləşir. ABŞ-nin bu ölkəyə gözlənilən zərbəsinin vaxtı bilinməsə də, İrandan səslənən bəyanatlar onu göstərir ki, artıq Tehran da savaşın labüd olduğunu qəbul edirlər.
ABŞ-la İran arasında gözlənilən savaşın dərin geosiyasi səbəbləri var və bu məsələni ancaq İrandakı son etiraz aksiyalarını yatıran rejimin misli görünməmiş qəddarlığı ilə izah etmək səthi yanaşma olardı. Tehrandakı molla hakimiyyətinin öz xalqının etirazlarını qan içində boğması, hazırda daha çox ABŞ-nin gözlənilən hərbi əməliyyatlarını legitimləşdirən səbəb kimi önəm daşıyır.
Əslində Venesuelada Maduronun qaçırılmasından sonra sıranın İrana gələcəyi gözlənilən idi. Çünki Venesueladan sonra İran qlobal rəqabətdə ABŞ-nin ən güclü rəqibi sayılan Çinin enerji təminatında mühüm rol oynamaqdadır. Xatırladaq ki, Venesuelanın 2025-ci ilin sonlarında ixrac etdiyi 921 min barel neftin 80%-i Çinə satılmışdı. Bu, Pekinin ehtiyacının 4–5%-ni təşkil etsə də, Çin perspektivdə bu həcmi artırmağa çalışırdı. İran isə gündəlik neft tələbatı 11,5 mln barel olan Çinin ehtiyacının 20%-ni qarşılayır. İndi ABŞ-nin İran qarşısında qoyduğu əsas tələb nüvə silahından imtina etməklə yanaşı, Venesuela kimi Çinə neft ixracını dayandırmaqdır. Bu isə teokratik İran rejiminin öz əsas müttəfiqindən imtina etməsi anlamına gəldiyi üçün Tehranın buna razı olması inandırıcı görünmür.
Açıq aydın görünür ki, ticarət tarifləri ilə Pekinə öz şərtlərini qəbul etdirə bilməyən Tramp adminstrasiya Çin iqtisadiyyatının enerji təminat mənbələrini nəzarətə götürməklə öz rəqibi üzərində strateji üstünlük əldə etməyə çalışır.
Digər vacib bir səbəb isə İsrailin təhlükəsizliyi ilə bağlıdır. ABŞ üçün İsrailin təhlükəsizliyi həm də qlobal miqyasda Asiya ilə Avropa arasındakı logistika xəttinin təhlükəsizliyini şərtləndirir. Necə? ABŞ tərəfindən dəstəklənən və Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ sayılan və İsrailin Hayfa limanına qədər uzanan İMEC marşrutunun cəlbediciliyi və işləməsi bu ölkənin təhlükəsizliyi ilə birbaşa bağlıdır. Layihə Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail (Hayfa) xətti boyu Asiya ilə Avropa arasında əsas logistikanı həyata keçirməyi nəzərdə tutur. Bu marşrut isə ABŞ-nin birbaşa nəzarəti altında olacağına görə, Çinin “bir kəmər bir yol” layihəsi ilə Asiyadan Avropaya və əks istiqamətə daşımalar üzərində inhisar yaratmaq imkanları əldən çıxmış olacaq.
Çinin “bir kəmər bir yol layihəsində” əsas keçid güzərahı rolunu oynayan Türkiyə İMEC -dən kəbar qaldığı üçün Ankara həm də bu səbəbdən İran əməliyyatına dəstək verməkdə maraqlı deyil. Bundan əlavə öz təhlükəsizlik.maraqlarından çıxış edən Türkiyə həm də kürd faktoruna və ərazisindəki Amerika bazasına görə İranın hədəfinə çevrilə biləcəyindən narahatdır.
Digər bir mühüm məsələ isə Tramp hakimiyyətə gələnə qədər ABŞ ənənəvi olaraq öz müttəfiqləri və beynəlxalq təşkilatlar vasitəsilə öz dünya liderliyini təmin etməyə çalışırdı. Hazırda isə ABŞ bu strategiyasını dəyişərək qloballaşmadan imtina edərək, beynəlxalq siyasətdə daha çox öz hərbi və iqtisadi gücü hesabına təkbaşına oyun qaydalarını diktə etməyə çalışmasıdır. Buna görə də Vaşinqton üç mühüm məsələdə nəzarəti əlinə almağa çalışır: biri enerji resursları, digəri qlobal əhəmiyyətli kommunikasiyalar və üçüncüsü də dünya okeanları üzərində nəzarətin təmin olunmasıdır.
Bu məsələdə İran kritik geosiyasi əhəmiyyətə malik ölkə olduğu üçün ABŞ İranın yaxasını asanlıqla buraxmayacaq. Ona görə də İran hakimiyyəti qarşısında iki seçim var, ya danışıqlarda kapituliyasiya şərtlərini qəbul etmək, ya da ki, əvvəlcədən sonu məğlubiyyətlə bitəcəyi məlum olan müharibəyə hazır olmaq. Bu gün İranın Hörmüz boğazına nəzarət etməsi və Bəsrə körfəzində əsas təhlükəsizlik faktoru kimi çıxış etməsi ABŞ-nin dəniz yolları üzərindəki nəzarət strategiyasına maneə olur. Bu boğazdan dünya neftinin 30%-ə qədərinin keçdiyini nəzərə alsaq, o zaman Çinin müttəfiqi olan və ABŞ-la düşmənçilik edən İranın bu nəzarət imkanından məhrum edilməsinin nə qədər önəmli olduğu da aydın olar.
Digər bir vacib məqam isə İranın sahib olduğu neft və qaz ehtiyatlarıdır. Biz Venesuela nümunəsində gördük ki, Tramp Maduronun qaçırılmasından sonrakı ən mühüm nailiyyət kimi 50 milyon ton neftin alınmasını dönə-dönə səsləndirdi. Bu, baxımdan çox güman ki, Tramp İran rejimini dəyişdirə biləcəyi halda, Tehranda onun enerji maraqlarını nəzərə alan bir hakimiyyətin qurulmasına dəstək verməyi nəzərdə tutur. Hazırda regiona misli görünməmiş miqyasda donanma və aviasiya qüvvələrinin cəmlənməsi onu göstərir ki, ABŞ qısa müddətli zərbədən sonra prosesi taleyin ümidinə buraxmaq niyyətində deyil.
Dünya neft ehtiyatlarına görə 3-cü, qaz ehtiyatlarına görə isə 2-ci yerdə olan bir ölkəyə Trampın gözü ilə baxıldıqda, yəqin ki, belə bir yeri ayətullahların öhdəsinə buraxmaq sadəcə sərsəmlik kimi görünür. Neft və qaz indi təkcə gəlir gətirən sərvət deyil, həm də geosiyasi rəqabətdə ən mühüm təsir alətidir. Tramp bu yanaşmasını müharibənin od-alovu içərisində olan Ukraynanı “Nadir torpaq elementləri” ilə bağlı müqavilə imzalamağa vadar edəndə ortaya qoyduğu üçün, İran məsələsində də ondan idealist söyləmlər gözləməyə dəyməz.
Bütün bu sadalananları nəzərə alaraq demək olar ki, ABŞ-nin İrana qarşıdakı günlərdə ağır, rejimi sarsıdacaq zərbələr vurması, hansısa etiraz hadisələri ilə izah edilə bilməyəcək qədər dərin geosiyasi səbəbləri olan bir məsələdir.
Fuad Qəhrəmanlı.



















