“Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”.

Bunu Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla son telefon söhbəti zamanı bildirib.

Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib və ölkəmizin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Məsud Pezeşkian öz tərəfindən İlham Əliyevə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti nəyə işarə vurur, Bakı böhranın həllinə konkret hansı töhfəni verə və ya bu yöndə hansı kanallar işə düşə bilər?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, İlham Əliyevin Pezeşkianla telefon danışığının əsas qayəsi İran ətrafında artan gərginlik olub. Çünki Azərbaycan bu gərginlkdən narahatdır: “Azərbaycan qonşuluğunda müharibə istəmir. İrana xarici müdaxilənin də əleyhinədir. Amma Azərbaycanın istəyindən asılı olmayaraq bölgədə vəziyyət getdikcə gərginləşir, müharibə ehtimalı hər keçən gün artır. Çox təəssüf ki, İranda bəzi mühafizəkar dairələr hər zaman qonşu ölkələrə qarşı, o cümlədən Azərbaycana qarşı təxribatçı xəbərlər yayırlar. Guya hansısa ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadə edəcəklərini titajlayırlar. Halbuki, bu, Azərbaycan tərəfindən dəfələrlə təkzib olunub.

Elə xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Əraqçiyə telefon zəngində də bu məsələ yenidən vurğulandı ki, Azərbaycan heç zaman öz ərazisindən İrana qarşı hansısa ölkənin istifadə etməsinə imkan verməz. Prezident İlham Əliyev də iranlı həmkarı ilə danışıqda problemin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Həmçinin İlham Əliyev Pezeşkiana və Pezeşkian vasitəsilə İrandakı bütün siyasi dairələrə bir daha o mesajı göndərdi ki, Azərbaycan müharibədə maraqlı deyil və İrana xarici müdaxilənin əleyhinədir, öz ərazisindən qonşu ölkəyə qarşı istifadəyə heç bir halda imkan verməyəcək. Yəni, sabah müharibə olarsa İrandakı bütün dairələr, o cümlədən mühafizəkarlar bu amili nəzərə alsınlar. İlham Əliyevin telefon danışığının əsas qayəsini məhz bu təşkil edirdi”.

Politoloqa görə, Azərbaycanın bu mövqeyi böhranın həlli üçün əslində bir töhfədir: “Azərbaycan ərazisini heç bir ölkəyə İrana zərbə endirmək üçün açıq elan etmir. Bakı bölgədə müharibə istəmədiyini ABŞ-nin və digər güclərin də diqqətinə çatdırır. Bunun özü də sülhə töhfədir”.

Etibar Seyidağa,
Musavat.com