
Ukrayna kəşfiyyatından Rusiya ilə savaşın taleyini dəyişən uğurlu əməliyyat
Ukrayna kəşfiyyatının dünən Rusiya ərazisində həyata keçirdiyi və Rusiyanın 41 strateji bombardmançı təyyarəsinin vurulması ilə nəticələnən “hörümçək toru” əməliyyatı Rusiya-Ukrayna savaşında tamamilə yeni bir sutuasiya yaratdı. Təkcə bir əməliyyatda Rusiya bütün dünyanı təhdid etdiyi strateji aviasiyasının 34 faizini itirdi. Ukraynanın məhv etdiyi strateji bombardmançılar SSRİ dövründən qalmış çox önəmli və bahalı təyyarələrdir. Bu təyyarələr 12 min kilometr məsafəyə uçmaq, 3-4 min kilometr uçan raketlər atmaq, o cümlədən nüvə başlıqlı raketlər atmaq bacarığında olan, həqiqətən də strateji silahlardır. Rusiya hazırda bu təyyarələrdən istehsal etmir və ya edə bilmir.
Bircə günün içində strateji aviasiyasının üçdə birini itirməklə Rusiyanın mövqeləri nəinki Ukrayna ilə savaşda, həm də ABŞ və Avropa ölkələrilə müqayisədə xeyli zəiflədi, strateji çəkindiricilik gücü xeyli azaldı.
Bu əməliyyatdan sonra ABŞ rəhbərliyi də Rusiyanın ehtimal olunduğu qədər güclü, Ukraynanın güman edildiyi qədər zəif olmadığını fakt olaraq nəzərə alacaq.
Özgüvənini və real hərbi gücünü sürətlə bərpa etməkdə olan Avropa İttifaqı və Böyük Britaniya birliyi bu əməliyyatdan sonra Ukraynaya daha da cəsarətlə kömək edəcək.
Şübhəsiz ki, Rusiya onun dövlət kimi xarizmasını cızmış bu əməliyyata cavab verməyə çalışacaq. Rusiyanın bu əməliyyata adekvat cavab vermək imkanı olduğuna isə mən şəxsən inanmıram.
Rusiyanın bu əməliyyatda itkisi dəyəri təqribən 7 milyard dollar qiymətləndirilən bütün strateji aviasiyanın üçdə birinin sıradan çıxarılması ilə bitmədi. Rusiyanın bu əməliyyatda hətta bu nəhəng hərbi itkidən də təsirli itkisi ordusunun və kəşfiyyat qurumlarının bacarıqsızlığının üzə çıxması və dünyanın 2-ci ordusu xarizmasının cızılması oldu.
Ukraynanın bu uğurlu əməliyyatı şübhəsiz ki, Rusiya ordusunda, hətta siyasi rəhbərliyində ruh düşgünlüyünə, inamsızlığa, daxili günahkar axtarışlarına və qarşılıqlı ittihamlara səbəb olacaq.
Ukrayna tərəfdə isə əksinə, özgüvən və döyüş əzmi artacaq. Ukraynanın müttəfiqlərinin də Ukraynaya inamı və özlərinə əminliyi artacaq.
Əlbəttə, nə qədər önəmli olsa da, bir əməliyyat müharibənin taleyini tam həll etməyəcək, ancaq şübhəsizdir ki, Ukraynanın bu uğurlu əməliyyatı işğalçı Rusiyaya, onun avtoritar rejiminə, hətta beynəlxalq “avtoritar liderlər klubuna” güclü zərbədir və Rusiya-Ukrayna savaşında yeni bir mərhələ başladır. Bu uğurlu əməliyyatdan sonra Ukraynanı onun milli maraqlarına ziddi sülh sazişinə məcbur etmək mümkün olmayacaq.
Əli Kərimli Axcp sədri