Bu günlərdə 26 may tarixində prezident cənab İlham Əliyev İsmayıllı rayonunda səfərdə oldu və yeni tikilmiş “Coca Çola” zavodunun açılışında iştirak etdi, eyni zamanda Talıstan kəndində 8 saylı litçey təmayüllü məktəbin açılışını həyata keçirdi.Yeri gəlmişkən biz də öz adımızdan,kanalımız, saytımız adından bu gözəl layihələrin həyata keçirilməsi üçün dövlət başçımıza dərin təşəkkürümüzü bildiririk.

Dövlət başçısı rayona gəlməmişdən bir ay əvvəlcədən rayonda abadlıq, quruculuq işləri həyata keçirilir,küçə və prospektlərində yenidənqurma, təmizlik işləri aparılır və xidmət sahələrinin daha səmərəli fəaliyyətinə həm diqqət, həm də nəzarət olunurdu.Məsələn qısa bir detala diqqət edək.Rayonun mərkəzi küçələrində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş ağ xəttə belə rast gəlmək mümkün deyildi,yaxud çox yarıtmaz vəziyyətdə idi.Ancaq cənab prezidentin gəlişi ərəfəsində rayonun bütün mərkəzi küçələrində ağ xətlər çəkildi və belə rəy yaradıldı ki,elə İsmayıllı həmişə belə iri addımlarla irəliləyir.

Prezidentin gedişindən sonra nə baş verir?

Cənab prezident rayondan getdikdən sonra yenə ayrı -ayrı dövlət qurumları dərin yuxuya getdi,arxayınçılıq mərəzinə tutuldu.Yenə rayonda ətalət, durğunluq dövrü, addım başı insanların rahatsız edilməsi, insanların hüquqlarının pozulması və sair.

Artıq iki gündür ki,rayonda su fasilələrlə verilir,qaz,işıq həmçinin.Soruşanda deyirlər ki, magistral su xəttində qəza baş verib,qaz xətləri təmir olunur,işıqda qəza olub və sair kimi əndrəbadi bəhanələr meydana çıxır və çox təəsüf ki, rayon rəhbərliyi də həmin xidmət sahələrinin mövqeyini dəstəkləyir.Yəni əhalinin problemləri, çəkdikləri əziyyət görməməzlikdən gəlinir.Rayonda ictimai rəy nəzərə alınmır.Hələ bu azmış kimi rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi KİV-lərə cavab olaraq namə yazır, şablon sözlərlə baş verənləri ört-basdır etməyə çalışırlar.Cənab prezident! Heç bilirsiniz rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsi necə yalanlar uydurur?

Bəli,bu yazdıqlarımız sadəcə dəryada bir damla.Yaxın vaxtlarda daha geniş şəkildə yazacağım mövzular daha çoxdur.Cənab prezident!İstəyirik ki, birbaşa sizə yazaq, siqnal verək.Çünki yerli qurumlarının fəaliyyəti bərbad vəziyyətdədir.Axı siz prezident olaraq həmişə xalqa müraciət etmisiniz ki, yerlərdə baş verən qanunsuzluqlara biganə qalmayın, ictimai nəzarəti gücləndirin və mənə siqnallar verin.

Cənab prezident!Biz sizə inanırıq və güvənirik.Sonda sizdən artıq dərəcədə xahiş edirik ki,İsmayıllıya tez-tez gəlin.Tez-tez gəlin ki,yerli məmurlar qəflət yuxusundan ayılsın və insanlara xidmət etsinlər.

Dərin hörmətlə Şimalregion.az saytı Elçin İsmayıllı