Ukraynanın 41 təyyarəni məhv edən kəşfiyyat əməliyyatı.

Bu əməliyyatın hansı hərbi və siyasi nəticələri olacaq ?

Ukrayna kəşfiyyatının Rusiyanın 41 strateji hücum təyyarəsinin məhvi ilə nəticələnmiş əməliyyatı bütün dünyada şok dalğası yaratdı. Belə miqyasda kəşfiyyat əməliyyatı bu günə qədər heç yerdə görülməmişdi və Rusiyanın öz içindən bu şəkildə vurulmasının hərbi nəticələri qədər, həm də siyasi və psixoloji təsirləri də var. Əməliyyatın video görüntülərinin yayılması, Putin rejiminin itkilərin miqyasını gizlətməsinə imkan vermədi və bütün dünya Rusiyanın necə ağır sarsıdıcı zərbəyə məruz qaldığını görə bildi.

Yayılmış video görüntülərdən də aydın olur ki, şərti adı “Hörümçək toru” olan əməliyyat öncədən Kursk, Rostov, Voronej, Lipetsk bölgələrindəki hərbi aerodromların yaxınlığına yerləşdirilmiş yük konteynerləeindən qalxan dronlar vasitəsi ilə gerçəkləşdirilib. Bu zaman qəfil hücumu qarşısında Rusiya tam hazırlıqsız və müdafiəsiz yaxalanıb və strateji hücum aviasiyasının 35 %-ni qeyri döyüş şəraitində itirməli olub. Belə bir nəticə Rusiya dövləti üçün həm də onun təhlükəsizliklə bağlı prestijini sarsan ağır rəzalət yükü deməkdir.

Ukrayna ərazisindən Rusiyanın 4 min kilometr dərinliyə qədər gedib çıxan əməliyyatın bu qədər uzaq məsafədən idarə edilməsi də, ayrıca bir peşəkarlıq və yüksək texnoloji hazırlıq tələb edirdi. Bəzi məlumatlara görə dronlar süni intellektlə idarə olunaraq, kənar yönləndirmə olmadan özləri hədəflərə yönəliblər. Bu, Ukrayna kəşfiyyatının Rusiya ilə savaşda necə bir üstünlük qazandığını göstərməkdədir.

Bu hadisənin Rusiyanın dövlət imicinə vurduğu zərbə, heç də onun hərbi nəticəsindən az deyil. Bir ölkənin ərazisində il yarım ərzində belə böyük miqyaslı bir hücum əməliyyatı hazırlanır, ancaq rus dövlətinin xüsusi xidmət orqanları fil qulağında yatırmış kimi belə böyük miqyaslı əməliyyat planlaşdırılmasından bundan xəbər tutmurlar. Bu, Rusiya kəşfiyyatının Ukrayna kəşfiyyatı ilə rəqabətdə nə qədər hazırlıqsız olduğunu və ölkə ərazisinə nəzarət edə bilmədiyi gerçəyini ortaya qoymuş oldu. Beləcə Rusiya kəşfiyyatının gücü ilə bağlı dolaşan miflər növbəti dəfə sarsılmış oldu.

Ukraynanın bu kəşfiyyat əməliyyatı həm də Rusiyanın coğrafi baxımından strateji dərinliyinin elə bir önəmi qalmadığı və artıq ölkə ərazisinin heç bir yerinin təhlükəsiz olmadığı, hər yerə əlinin çatdığı mesajını verilmiş oldu. Çox güman ki, bu hadisə Rusiya hərbi və kəşfiyyat rəhbərliyində daxil hesablaşmalara da səbəb olaraq, kimlərinsə qurban verilməsinə də səbəb olacaq

Çox güman ki, Putin bu pərtçiliyin Rusiya hərbi siyasi elitasına və cəmiyyətinə təsirini azaltmaq üçün yaxın günlərdə Kiyev başda olmaqla, bir çox Ukrayna ərazilərinə ballistik raketlərlə hücumlar təşkil edəcək. Ancaq, bu, heç bir şəkildə Rusiyanın aldığı zərbənin hərbi siyasi nəticələrini ortadan qaldırmağa yetməyəcək.

Heç şübhəsiz ki, dünənki əməliyyat bu gün Ukrayna və Rusiya nümayəndələri arasında İstanbulda keçirilən danışıqlara da təsir edəcək və ukraynalıların mövqeyini xeyli gücləndirəcək. Ukrayna tərəfin bu danışıqlarda Rusiyanın iddalarını qəbul etməməsi, indi təkcə ədalət, ərazi bütövlüyü prinsipi baxımından deyil, həm də tərəflərin güc nisbəti baxımından da əsaslı görünəcək. Bəhs etdiyimiz hadisə Ukraynanın Putin hərbi maşınını məğlub edə biləcək qabiliyyət və bacarıqlara sahib olması ilə bağlı inamı gücləndirərək, onun Qərbdəki müttəfiqlərinin bu ölkəni daha çox dəstəkləməsini də stimullaşdıracaq.

Fuad Qəhrəmanlı.