
Cəmil Həsənlidən çağdaş ədəbi proses haqqında çox maraqlı yazı
Milli Şuranın sədri,böyuk tarixçi alim bu barədə fb profilində yazıb.
“Akademiya şəhərciyində kitab sərgisi başa çatdı. Xeyli sayda maraqlı kitablar aldım və bəzilərini də müəlliflər hədiyyə etdi. İndi gərək yayda onları oxuyaq. Əslində oxumağa başlamışam. Son aldığım kitab Şərif Ağayarın “Rəng mühəndisi” romanıdır. Şərif bəyin əvvəlki hekayə və “Arzulardan sonrakı şəhər” romanını oxumuşam. Dərd dərddir, istər firon dövründə olsun, istər fironluq etmək istəyənin dövründə. Yaxşı ki, Şərif Ağayar “izmlərə” sığmadı, modernizm, post-modernizm, realizm, sürrealizm, simvolizm və sair. Şərif bəy də ədəbiyyat üçün zəruri olan mətndir və o da ortadadır. Mətnin “izmini” ayırd etmək sonrakı məsələdir. Inanıram “Rəng mühəndisi” də belə olacaq. Rəng demişkən Şərif hekayə və romanlarında dərdin yalnız sözlü ifadəsi yox, rəngi də var.
Ustad yazıçı Məmməd Orucun “ Köçürmə” romanının yeni nəşrini aldım. Hələ tələbəlik illərindən bəri Məmməd Orucu oxuyuram. Yalnız yazıçı yox, təkrarsız publisistdir Məmməd müəllim. “Köçürmə” romanı hələ 1992-ci ildə oxumuşdum. Məndə böyük təəssürat yaratmışdı. 1992-dən sonra köçürmə ilə bağlı çox sənədlər açıldı. Amma Məmməd Orucun köçürməsi Vedibasar camaatın qəm dastanı olaraq öz dəyərini saxlamaqdadır.
Rasim Qaracanın əsərlərinin yenilik ruhu təkzibedilməzdir. Ümumiyyətlə. Rasim bəy ədəbiyyata yenilik axtarışı ilə gəlib. “Zülmətdə alatoran (avtobioqrafik roman)” yeni deyilən ədəbiyyat nədirsə, elə odur, ədəbi yeniliyin alatoran dumanına bürünmüş ümid çırağıdır. Avtobioqrafik mövzuda yazılsa belə. İndi də “Boşluq” nəşr olunub. Haradasa mənə elə gəlir ki, Rasim bəyin ədəbiyyatda əsas missiyası elə boşluğu doldurmaqdır.
Və Günel Natiqin yeni nəşr olunmuş “Gözəl günlər naminə” kitabını da sərgidən aldım. Kitab “Ayı dərisi” povesti ilə başlayır və hekayələrlə davam edir. Daha əvvəl müəllifin “Kağız gəmilər” kitabını, “Ayı dərisi”nin ilk variantını və bəzi hekayələrini oxumuşdum və müəllifin özünəməxsus ədəbi dəst-xətti diqqətimi cəlb etmişdi. Müəllif “Narıncı yuxular”la ədəbi mühitdəki sükutu yaxşıca poza bilmişdi.
İlham Əzizin “Şimşəkdən sonra” hekayələr kitabını artıq oxumağa başlamışam. Hələlik “Güllünün gözəlliyi bir yana”, “Biri var idi…Məmmədbağır”, Elvira” yığcam, dramatik, təkrarsız ədəbi nümunələrdir, dil hadisəsidir. İfadələrə bax: “göbələklər belindəki torpağı töküb üzə çıxır, ağaclar zahı qadınlar kimi utana-utana tumurcuqlarından yarpaq doğur.” Necə gözəl, təkrarsız ifadə tərzidir. İlham Əzizin hekayələri sözün tam mənasında məni tutdu. Sanki bu kiçik hekayələrdə böyük ədəbiyyatın anonsu verilir.
Vidadi Veysəllinin “Qızıl qaya” kitabını da sərgidən aldım. Mənə maraqlı gəldi. Müəllifi də çoxdan tanıyıram. Vidadi bəy Estoniyada yaşayır. Romanın süjet xətti bir azərbaycanlı ilə bir estonun dostluğu üzərində qurulub və Əfqanıstandan başlayan bu dostluq Azəri Estonyaya, İvarı isə Azərbaycana – əslində isə Qarabağa gətirir. Romanın dramatik bir süjet xətti var gərək oxuyub başa çatdıraq.
Müsavatçı Abdulla Şəfiyevin xatirələrin artıq oxuyub qurtarmışam. Son dərəcə maraqlı, insanı titrədən bir kitabdır. Müəllifin Azərbaycan ordusunda Qarabağda, Sovetləşmədən sonra müsibətlərin başlanması, Qaradağa (İran) pənah aparması, Solovki sürgünündə dözülməz həyatı, möcüzə nəticəsində sağ qalması insanı heyrətə salır.
Müəllifin hədiyyə etdiyi “Ağ qızılın lənəti” kitabı Özbəkistanda pambıq əməliyyatının özbək xalqına gətirdiyi faciələr əks olunub.
“Park” nəşriyyatının təsisçisi Şəhriyar Del Gerani də “Darıxmağın adı”nı tapıb və gərək şairliyi və nasirliyi naşirliyə qurban verməsin. Hər iki sahədə ciddi uğurları var. 2013-də onun Milli Kitab Mükafatında yer almış “İntihar kötüyü” romanı çox maraqlı bir əsər idi.
Salam Sarvanın nəsrə keçməsi də mənə maraqlı gəldi. “Fikir oyunları” “Park”ın ilk nəşrlərindədir. Oturuşmuş tabuların sındırılmasına cəhd baxımından birinci kitabdır. Sonrası da gəlsin!
Mirmehdi Ağaoğlunu çoxdan oxuyuram. Həm mətbuatdakı hekayələrini və yazılarını, həm də romanlarını. Mirmehdi Ağaoğlu ilə ilk görüşümüz “Görüş”dən başladı. Onun İşğaldan azad olunmuş ərazilərdən hazırladığı reportajlar da mənə maraqlı gəldi. Özünəməxsus ədəbi üslubu var, “Küləyi dişləyən” kimi. İndi də “Həcc gündəliyi”. Yeri gəlmişkən dini əsər deyil, Həcc ritualları haqqında yazıçının bədii, tarixi, psixoloji və publisistik düşüncələridir.
Oxuyub başa çatdırdığım Fərhad Cabbarovun “Səxavət dünyasının sərvəri” hələ ki Hacı Zeynalabidin Tağıyev haqqında ən maraqlı elmi-publisistik əsər hesab edilə bilər.
Daha sonra sırada tarix elmlər doktoru Əsgər Əhmədin “Səfəvilər dövründə din və dini münasibətlər”, Şirin xanımın “Etnoloju lövhələr”, Orxan İsayevin “Kərküklü Növrəs Qədim”, köhnə dostumuz rəhmətlik Abbas Abdullanın “Ömür türküsü”, filoloq Pərvanə Məmmədlinin “Doktor Cavad Heyət “Varlıq”ı” kitabı var.
Mənim keçmiş tələbəm Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabı da mütaliə növbəsindədir.
“Azərbaycan” jurnalının may nömrəsində Murad İbrahimbəyovun xatirə-essesi və 70 yaşı tamam olan Vaqif Bəhmənlinin yeni şerləri mənə maraqlı gəldi”.
Cəmil Həsənli professor