Baydendən Trampa sərt ittihamlar

Keçmiş prezident Co Bayden cümə axşamı Çikaqoda yerləşən Milli Vəkillər Assosiasiyasında çıxışı zamanı Prezident Donald Trampın rəhbərlik etdiyi yeni administrasiya dövründə hüququn aliliyinə qarşı hücumlar və vətəndaş hüquqlarına yönələn təhdidlər barədə narahatlığını ifadə etdi. Bu, Baydenin vəzifədən getdikdən sonra Tramp administrasiyasına qarşı səsləndirdiyi ən sərt tənqidlərdən biri idi.

Bayden çıxışında Trampın adını çəkməsə də, hədəfinin kim olduğu aydın idi. Təxminən 20 dəqiqə davam edən çıxışda Bayden 1,100 nəfərlik, əsasən qaradərili hüquqşünaslardan ibarət auditoriyaya müraciət edərək dedi:

“Reallığı gözardı etmək olmaz. Bunlar qaranlıq günlərdir”, – deyə o bildirdi.

Baydenin bu fikirləri Tramp haqqında əvvəllər səsləndirdiyi bəzi açıqlamalarla səsləşirdi – o, Trampı demokratiya və hüququn aliliyi üçün təhlükə kimi təqdim etmişdi.

“Biz, mənim fikrimcə, Amerikanın tarixində elə bir məqamdayıq ki, bu, hər bir qəddar icra qərarında, əsas azadlıqların geri alınmasında, uzun müddətdir mövcud olan hüquqi presedentlərin pozulmasında özünü göstərir,” – Bayden dedi.

O, administrasiyanı “həqiqəti silməyə çalışmaqda” ittiham etdi və Konqresi icra hakimiyyətinə qarşı lazımi nəzarəti həyata keçirmədiyinə görə tənqid etdi.

“Əziz dostlarım, bu administrasiyanın acı reallığı ilə üzləşməliyik”, – deyə o davam etdi. – “Bu, mənim administrasiyam dövründə əldə etdiyimiz bütün irəliləyişləri aradan qaldırmaq üçün çalışır. Tarix yazmaq əvəzinə onu silmək istəyir. Ədaləti, bərabərliyi silmək istəyir. Bu, şişirtmə deyil. Bu, faktdır.”

O, administrasiyanı “qəddar” adlandıraraq, qanuni şəkildə ölkədə olan immiqrantların qandallarla aparıldığını qeyd etdi və administrasiyanın hüquq firmalarına və media şirkətlərinə qarşı hücumlarını tənqid etdi.

azadlıq qəzeti