
Jurnalist araşdırmaları Litvanın Baş naziri Paluskasın istefası ilə nəticələndi
Litva baş naziri korrupsiya qalmaqalından sonra istefa verdi.
2024-cü ilin dekabrından bəri Litvanın baş naziri vəzifəsində çalışan Gintautas Paluskas, bir sıra jurnalist araşdırmalarından sonra vəzifəsindən istefa verib. Araşdırmalarda siyasətçi ilə əlaqəli şirkətlərin güzəştli kreditlər aldığı iddia edilirdi.
Litvanın baş naziri Gintautas Paluskas, son korrupsiya qalmaqalından sonra iki həftəlik məzuniyyətə çıxdıqdan sonra, həm baş nazir postundan, həm də Litva Sosial-Demokrat Partiyasının sədri vəzifəsindən istefa verdiyini elan edib. Bu barədə Litva prezidenti Gitanas Nauseda jurnalistlərə məlumat verib. “Gintautas Paluskas bu səhər mənə zəng edərək istefa verdiyini bildirdi,” – deyə Nauseda açıqlayıb. O, Paluskasın qərarını “yeganə düzgün addım” kimi qiymətləndirib. Qısa müddət sonra Paluskas özü də vəzifədən getdiyini təsdiqləyib. O, baş nazir vəzifəsini 2024-cü ilin dekabrından icra edirdi.
Partiyasız olan prezident Nauseda bildirib ki, indi parlamentdə çoxluğa sahib olan və seçkiləri udmuş Sosial-Demokrat Partiyası mümkün koalisiyaların yaradılması ilə bağlı danışıqlara başlayacaq. Litva Konstitusiyasına əsasən, baş nazir istefa verdikdə hökumətin bütün üzvləri də istefaya gedir, lakin prezident yeni hökumət formalaşana qədər nazirlərə müvəqqəti səlahiyyətlərin icrasını tapşıra bilər. Litva Milli Televiziyası və Radiosu (LRT) qeyri-rəsmi məlumatlara istinadən bildirir ki, baş nazir vəzifəsini müvəqqəti olaraq daxili işlər naziri Vladislav Kondratoviç yerinə yetirə bilər.
Paluskas ətrafında korrupsiya qalmaqalı
Baş nazirə qarşı korrupsiya ittihamları may ayının sonunda Litvanın “Laisvės TV” adlı YouTube kanalı və “Siena” jurnalist araşdırma mərkəzinin apardığı birgə araşdırmaların yayımlanmasından sonra gündəmə gəlib. Araşdırmada bildirilirdi ki, 2024-cü ilin yanvarında Paluskas və onun biznes tərəfdaşı tərəfindən yaradılmış Granis adlı şirkət, dövlətin inkişaf bankı ILTE tərəfindən 200 min avroluq güzəştli kredit alıb – bu isə artıq Paluckasın baş nazir olduğu dövrə təsadüf edir.
Daha sonra Paluskasın idarə etdiyi Sagerta şirkətinin Uni Trading adlı başqa bir şirkətdən yüz minlərlə avro kredit alıb geri qaytarmadığı iddia olunub. Uni Trading şirkəti, iş adamı Dariuş Vilçinski ilə əlaqələndirilir. 2012-ci ildə Paluskasın həmin sahibkara məxsus şirkətdən 223 min avroya mənzil aldığı, eyni zamanda Kiprdə qeydiyyatdan keçmiş bir şirkətin ona bazar dəyərindən aşağı qiymətə Vilnüsdə mənzil satdığı irəli sürülüb. Həmin mənzil sahəsi isə Paluskasın şəhər administrasiyasında işlədiyi zaman özü tərəfindən planlaşdırılıb.
Sonuncu və həlledici zərbə isə jurnalistlərin 2024-cü ildə yaradılmış və baş nazirin bacısı Virginie Paluskas tərəfindən idarə olunan Dankora şirkəti barədə araşdırması olub. Bildirilib ki, bu şirkət Avropa İttifaqından 200 min avro güzəştli kredit alıb və bu vəsaiti Druqyay kəndində elektromobil şarj infrastrukturunun inkişafına sərf edib, avadanlığı isə Garnis adlı şirkətdən alıb.
DW.de