Bir narazılığımı bildirmək istərdim.

Bu gün Balakən rayonunda yerləşən, parkın yuxarı hissəsində fəaliyyət göstərən “Zirvə” adlı istirahət mərkəzində olduqca xoşagəlməz bir hadisə ilə rastlaşdıq. Biz – dörd nəfər xanım – sadəcə çay içmək məqsədilə bu məkana yaxınlaşmışdıq. Avtomobilimizi digər maşınlarla eyni cərgədə, qaydalara uyğun şəkildə park etdik və əyləşmək üçün boş masa axtarmağa başladıq.

Bu zaman, oranın əməkdaşı olduğu deyilən (adını Müsəlman kimi təqdim etdilər, dəqiq bilmirik), orta boylu, göy gözlü bir şəxs uzaqdan bizə yüksək səslə və kobud tərzdə “maşını sıxlaşdırın, ikinci maşına da yer olsun” deyə əmrvari danışdı. Mədəni şəkildə yaxınlaşıb ona bunun texniki olaraq mümkün olmadığını izah etsəm də, cavabında “sən sıxlaşdır, 06 olsa da gəlib bir təhər saxlayar” kimi ironik və kobud cavab aldım.

Qarşımdakı şəxsin hörmətsiz, etikadan kənar və tərbiyəsiz davranışı qarşısında səsimi ucaltmadan və mübahisəyə varmadan məkandan ayrıldım. Amma bu səbrim həmin şəxsə olan hörmətdən yox, orada əyləşmiş olan Balakən Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayevə olan ehtiramdan və orada qalmaqalın yaranmaması üçün idi.

Buradan Balakən Rayon İcra Hakimiyyəti və şəxsən İslam müəllimə müraciət edirəm:

Biz Zaqataladan gəlmişdik – yaxın, doğma bildiyimiz bir rayondan. Lakin bu cür xidmət və bu cür davranışla qarşılaşmaq bizim üçün xoş olmadı. Qonağa münasibət beləmi olmalıdır?

Qeyd etdiyim şəxsin xanımlara qarşı sərgilədiyi etikadan və tərbiyədən uzaq davranışı qətiyyən qəbul edilə bilməz! Heç bir məkanda, xüsusilə də qonaq qəbulu edilən istirahət məkanlarında belə bir üslub yolverilməzdir.

Təəssüflə bildirirəm ki, mən bu məkana bir daha qayıtmağı düşünmürəm və heç kimə də tövsiyə etmirəm.

Sonda bir daha vurğulamaq istəyirəm: Biz oraya mədəni istirahət üçün getmişdik, lakin qarşılaşdığımız münasibət heç bir çərçivəyə sığmırdı.

Yazı Zaqatala sakini Vəfa Rəcəblinin Facebook səhifəsinə istinadən dərc olunub