Nəcməddin Sadıqovun götürdüyü 42 milyonluq kreditə görə Zahid Niftəliyevə 12 il verildi

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkili çıxış edib.

O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraət verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zahid Niftəliyev 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökm qismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama əsasən, Zahid Niftəliyev 42 milyon manatlıq kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb.
Sirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə müvafiq məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Zahid Niftəliyev öncə bildirib ki, 42 milyon manatliq krediti faktiki olaraq, Baş Qərargahın keçmiş rəhbəri Nəcməddin Sadiqov götürub.O vaxtkı Vergilər naziri, “Atabank”kın faktiki rəhbəri Fazil Məmmədov Nəcməddin Sadıqovun istəyinə uyğun hərəkət edərək 42 milyon manat məbləğində kreditin Zahid Niftəliyevin şirkətinə verilməsi ilə bağlı göstəriş verib.
Yuxarıların göstərişinə əsasən hərəkət edən hakim Nəcməddin Sadıqovun prosesə cəlb olunmasını təmin etmədi.
Daha bir cinayət işi aşağı ranqlı şəxsin cəzalandırılması ilə bitirildi.

Azadlıq qəzeti