Tramp Putinə verdiyi müddəti niyə qısaltdı və ya AB Qərbin bütövlüyünü necə qorudu ?

Avropanın ABŞ qazı alması Azərbaycan üçün hansı təsirləri yarada bilər?

Tramp Rusiyaya atəşkəs təklifini qəbul etmək üçün verdiyi 50 günlük müddəti qısaldaraq 10-12 günə salıb. Bunla bağlı olaraq, o, deyib ki, “gözləmək üçün daha heç bir səbəb yoxdur, çünki cavabın nə olacağını bilir. Putin məni çox məyus etdi, onunla danışmaqda maraqlı deyiləm”

Tramp verdiyi 50 günün tamam olması üçün sentyabrn 2-nə qədər gözləyə də bilərdi, ancaq gözləmədi. Bəs səbəb nədir? Məsələ heç də onun Putinə inamının qalmaması ilə bağlı deyil. Çünki Tramp atəşkəs üçün 50 gün müddət verdiyi 15 iyulda bu günkü kimi Putinə inanmaq üçün hər hansı səbəb olmayıb. Yəni dəyişən bir şey yoxdur, o vaxtdan ötən 14 gün ərzində Putin elə olduğu kimi də qalıb. O zaman belə çıxır ki, məsələ hec də inanıb inanmamaqla bağlı deyil.

Əsas məsələ Trampın öz dediyi kimi AB ilə ABŞ arasında tarixindəki ən iri ticarət sövdələşməsini əldə etməsi ilə bağlıdır. Avropanın təhlükəsizliyini təmin etməyin hərbi xərclərinin birtərəfli qaydada Vaşinqton tərəfindən qarşılanmasına etiraz edən Tramp adminstrasiyası, yeni mərhələdə bu rolu ağır iqtisadi yük kimi deyil, əksinə ölkəsinə qazanc gətirən bir iş kimi görmək istəyir. Başqa sözlə ABŞ bundan sonrakı mərhələdə öz dünya liderliyini əvvəllər olduğu kimi böyük vəsaitlər xərcləməklə deyil, əksinə böyük gəlirlər əldə edərək təmin etmək istəyir.

Trampla AB prezidenti Von der Lyayen arasında əldə olunmuş razılaşmaya görə, qarşıdakı dövrdə Avropa.ilə ticarətdə ABŞ müsbət saldo əldə etməyə çalışır. Xatırladaq ki, ötən il Avropa ilə ticarətdə ABŞ-n 161 miyard mənfi saldosu olub. İndi Tramp bu vəziyyəti dəyişmək istəyir.

AB ilə əldə olunmuş razılığa görə Avropa hər il ABŞ-dan 250 miyard dəyərində enerji daşıyıcıları idxal edəcək, ümumilikdə isə 150 milyard dəyərində silah alacaq və bu ölkəyə 750 miyard dollar dəyərində investisiya qoyacaq. AB məhsullarına isə 15 % rüsum tətbiq olunacaq. Belə görünür ki, bu nəhəng iqtisadi razılaşmanın pərdə arxası şərtlərindən biri kimi Trampdan Putinlə dialoq məsələsini bitirib AB ilə birgə hərəkət etmək istənilib.Avropanın təklif etdiyi nəhəng iqtisadi razılaşma müqabilində Tramp da daha Putinə inanmamağa, onunla danışmağın bir mənası olmadığına qərar verib.

Bu, əslində indiki situasiyada Rusiyaya münasibətdə Qərb blokunun vahidliyini qoruyub saxlamaq, ABŞ-n böyük gücündən kənar düşməmək üçün verilmiş çox doğru bir qərardır. Beləliklə də, ABŞ Ukrayna məsələsində Kiyev və Moskva arasında moderatorluqdan əl çəkərək Avropanın pulu ilə Ukraynanı silahla təmin edən əsas tərəfdaş ölkə kimi öz əvvəlki kursuna qayıtmış olur. Avropa isə Ukrayna üçün ABŞ-dan alacağı silahlarla onun hərbi sənayesinə böyük gəlirlər qazandırmaqla, həm də qarşıdakı dönəmdə Ukraynaya Amerikan hərbi dəstəyini qarantiya altına almış oldu. Trampın nəzərində Ukrayna məsələsi artıq ABŞ -ı xərcə salan bir məsələ deyil, əksinə Kiyevə göndərilən silahlar hesabına böyük gəlirlər vəd olunur. İş belə olunca, bu yaxınlarda yeni “Patriot” sitemlərinin Ukraynaya göndərilməsində Trampın necə səxavətli olduğunu gördük. Ona görə də daha Putinə dözməyin, ona zaman tanımağın da bir mənası qalmır.
Bu prosesdə Avropanın Qərb blokunun vahidliyini qoruyub saxlaya bilməsi, Rusiya və Çini məyus edərək, yeni dünya düzəninin yaranması prosesində olduqca mühüm strateji üstünlük qazandırır.

Son olaraq onu da qeyd edək ki, ABŞ neft və qazının böyük həcmdə Avropa bazarına idxalı üçün AB-nin bundan sonra Azərbaycandan enerji daşıyıcılarının alınmasına yenidən baxması mümkündür. Bu vəziyyət hətta tərəflər arasında razılaşmanın 2027-ci ildən də tez başa çatmasına da təsir edə bilər. Əgər belə olarsa, bunun üçün əsas yaratmaqdan ötrü ölkəmizdə insan hüquqlarına görə sanksiyaların yenidən gündəmə gəlməsi ehtimalı yaranır. Digər tərəfdən isə bu vəziyyətdə ənənəvi neft və qaz bazarı risqə düşən Azərbaycanın, vəziyyətdən çıxış yolu kimi boş və əlverişli bazar sayılan Ukraynaya qaz tədarük etməyə başlaması, onsuz da Rusiya ilə mövcud olan gərginliyi daha da artırmış olacaq. Artıq Zatulin bunu Azərbaycanın Ukraynaya göstərdiyi strateji dəstək olduğunu bildirib və Rusiyaya qarşı yönəlmiş addım kimi pisləyib.

Fuad Qəhrəmanlı.