
Mingəçevir şəhərində yerləşən şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbində baş verən təyinatlar və daxili idarəetmə ilə bağlı ciddi narahatlıq doğuran hallar aşkarlanıb. Məktəbin nəzəriyyə şöbəsinin rəhbər vəzifəsi üçün əvvəlcə demokratik seçki keçirilib və nəticədə nəzəriyyə müəllimi Rəna Aslanova bu vəzifəyə seçilib. Lakin bir müddət sonra heç bir əsaslı izahat verilmədən, elə həmin şöbənin digər müəllimi Aygün Xəlilova məktəbin həmkarlar ittifaqı və şura üzvlərinin qərarı ilə şöbə müdiri təyin edilib.
Aldığımız məlumatlara əsasən, Aygün Xəlilovanın bu vəzifəyə hansı himayədarların dəstəyi ilə gətirildiyi bəlli olsa da, hələlik bu barədə rəsmi açıqlama verilməyib. Bu isə müəssisədə şəffaflıq və ədalət prinsiplərinin pozulduğu qənaətini gücləndirir.
Tədrisə Məhəl Qoymayan Müəllimlər?
Bundan başqa, məktəbin nəzəriyyə şöbəsinin müəllimlərindən biri olan Nuranə Nəsibova artıq bir ilə yaxındır ki, məktəbə gəlmir. Amma bu barədə rəsmi ölçü götürüldüyü və ya əmək intizamı pozuntusuna görə araşdırma aparıldığına dair heç bir məlumat yoxdur.
Daha bir diqqətçəkən məqam isə bəzi müəllimlərin dərs günlərinin həftənin bazar günlərinə yazılmasıdır. Bildirilir ki, bu müəllimlər məktəb direktoru Səttar Orucova yaxın şəxslərdir və dərsləri qrafikə uyğun yazılsa da, reallıqda həmin günlər məktəbə gəlmirlər.
Bağlı Məktəb, Boş Qalan Məsuliyyət
Tədris saatı olmasına baxmayaraq, məktəbin bağlı qaldığı hallar da müşahidə olunub. Halbuki, qanunvericiliyə əsasən, məktəb texniki heyət tərəfindən daim nəzarətdə saxlanılmalı və fəaliyyət göstərməlidir. Tədris müəssisəsinin bu cür nəzarətsiz qalması təkcə təşkilati intizamın deyil, həm də ümumi təhlükəsizlik qaydalarının pozulmasıdır.
Şəxsi Hazırlıq? Dövlət Məktəbində!
Məktəbdəki digər diqqətçəkən məsələ isə Xalq çalğı alətləri şöbəsinin səs müəllimi Mustafa Mustafayevlə bağlıdır. Məlumata görə, o, məktəbin daxilində, tədris saatları ərzində məktəbdənkənar şagirdlərə hazırlıq keçir. Bu isə dövlət müəssisəsinin resurslarından şəxsi maraqlar üçün istifadəyə dair ciddi suallar doğurur.
Mədəniyyət Nazirliyi Nə Vaxt Reaksiya Verəcək?
Sadalanan faktlar Uşaq İncəsənət Məktəbində hökm sürən intizamsızlıq, qeyri-şəffaf təyinatlar və qanunsuz fəaliyyət nümunələrini açıq şəkildə ortaya qoyur. Bütün bu proseslər fonunda məktəbin direktoru Səttar Orucovun vəziyyətə susqun münasibət bəsləməsi, cəmiyyətin və aidiyyəti orqanların haqlı narahatlığına səbəb olur.
Ümid edirik ki, bu yazıdan sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli məsələni şəxsi nəzarətinə götürəcək
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Türkdünyası.az