
Ukrayna heç bir halda təslim olmayacaq!
Tək qalsa belə, onun hələ illərlə savaşmaq, sonra da on illərlə partizan müharibəsi aparmaq potensialı var.
Bu gün Ukrayna işğalçı Rusiyanın hədəflərinin 70 faizini özünün istehsal etdiyi dronlarla vurur. Ukrayna ərazisində hazırda yüzlərlə yerli və Almaniya, Türkiyə, digər Avropa ölkələri ilə birgə yaradılan hərbi istehsal müəssisələri var. Ukrayna bəzi hərbi ürətim məhsullarını hətta xaricə satıb böyük vəsaitlər qazanır.
Üstəlik, Avropa Ukraynanı yalqız qoymur və qoya da bilməz. Ukraynanın təhlükəsizliyi Avropanın güvənliyi deməkdir. Bu məqsədlə Avropa Birliyi artıq 800 milyard Avroluq fond yaradır.
Avropanın iqtisadi qüdrəti Rusiyadan müqayisəyəgəlməz dərəcədə böyükdür. Təkcə Almaniya iqtisadiyyatı bütün texnoloji üstünlükləri bir yana, təkcə ÜDM hesabı ilə Rusiya iqtisadiyyatından 2,5 dəfə güclüdür. Yəni, Rusiyanı durdurmağa təkcə Almaniyanın potensialı yetir.
Almaniyanın gələcək federal kansleri Fridrix Mertsin cəsarətli açıqlamaları Avropanın bu yatmış aslanının oyandığından xəbər verir. Təkcə Almaniya silkinib özünə gələcəksə, Rusiya Avropaya meydan oxuya bilməyəcək.
Almaniya, Böyük Britaniya, Fransa və digər Avropa ölkələri hərbi istehsalı quranadək Avropa Birliyi ABŞ-dan silah alacaq. Trampın istədiyi də zatən bu deyilmi- pul qazanmaq?! Bu yöndə Norveçin haradasa iki trilyona yaxınlaşan ehtiyat resurslarının da
Avropanın “qara gün” tədarükü olduğunu unutmamalıyıq.
Dövlət katibi Mark Rubionun bəyan etdiyi kimi yeni çoxqütblü dünya düzəninin formalaşması fonunda Türkiyənin də Türk Dövlətləri Birliyi layihəsi ilə qlobal siyasi aktor olmaq iddiaları gerçəkləşməyə başlayır. Bu məqsədə doğru gedən yolda Rusiyanın Qara Dəniz hövzəsində hegemon gücə çevrilməsi qardaş ölkə üçün ən ciddi maneə, hətta Türkiyənin güvənlik maraqları üçün ən böyük təhdiddir.
Bu çıxar ortaqlığı Türkiyənin Avropa Birliyi ilə çoxdan arzulanan yaxınlaşmasını sürətləndirəcək. Artıq Avropanın da NATO-nun ikinci ordusuna sahib Türkiyəyə labüd ehtiyacı var. Türkiyəni də içinə almış Avropa Rusiya üçün daha böyük çəkindirici faktora çevriləcək.
Rusiya nə qədər güclü görünsə də, sanksiyalar və savaş onu içindən çox yıpradıb, haldan salıb, qan itkisinə səbəb olub. Rusiya hazırda 50, 60-cı illərdən qalan silahlarla və “ətdən müdafiə” hesabına savaşır. Zatən, Rusiyanın gücü olsaydı Kursku işğaldan azad edərdi, Rusiyanın hərbi qüdrəti olaydı Şimali Koreya əsgərinə və mərmilərinə, İran dronlarına möhtac qalmazdı.
Tramp və administrasiyasının fərqli nədənlərlə Rusiyaya verməyə çalışdığı ikinci nəfəs də bir işə yaramadı. Əksinə, Avropanın daha sürətlə toparlanmasına, Zelenskinin bütün dünyada azad dünyanın lideri kimi tanınmasına, Ukraynada reytinqinin yenidən zirvəyə qalxmasına və əksinə, Trampın özünün ABŞ ictimai fikrində ciddi şəkildə geriləməsinə yol açdı.
Çətin olacaq, ağır olacaq, uzun olacaq, ancaq sonunda hər şey çox gözəl olacaq!
Ukrayna və onun timsalında Özgürlük və Haqq zəfər çalacaq!
Və bundan Ukrayna, Avropa ilə yanaşı Türk dünyası da qazanacaq!